
Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.
Fanat.Az xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində Xorvatiya təmsilçisi Toma Yelençlə üz-üzə gəlib.
Həsənov rəqibini 6:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Bir həftə davam edəcək dünya çempionatında gələcəyin ulduzları sərbəst, yunan-Roma və qadın güləşi üzrə qələbə uğrunda mübarizə aparacaqlar. Yarışın yüksək təşkilatçılıq səviyyəsində keçirilməsi üçün Azərbaycan Güləş Federasiyası tərəfindən bütün zəruri hazırlıq işləri həyata keçirilir.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı avqustun 2-dək davam edəcək. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur. Bu dünya çempionatı iştirakçı idmançıların sayına görə son 13 ilin, təmsil olunan ölkələrin sayına görə isə son 8 ilin ən yüksək göstəricisi ilə yadda qalacaq.