Tokio 2020 Yay Olimpiya Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, Olimpiadanın 11-ci günündə 2 növ üzrə 3 idmançımız mübarizə aparacaq.
Atıcılıq
Güllə atıcımız Ruslan Lunyov 25 metr məsafədən sürətli atışlarda nəticəsini yaxşılaşdırmağa çalışacaq.
32 yaşlı təmsilçimiz təsnifat mərhələsinin ilk günündən sonra 27 iştirakçı arasında 24-cü yerdədir.
Gün ərzində baş tutacaq final mərhələsinə ilk "altılıq" yüksələcək.
Təsnifat atışları Bakı vaxtı ilə 03:30-dan etibarən başlayır.
Güləş
Azərbaycanın Yay Olimpiya Oyunlarında "ağır artilleriya"sı sayılan bu növ üzrə Tokio 2020-də ilk olaraq 2 təmsilçimiz yarışacaq.
Yunan-Roma güləşi millimizin üzvü, ikiqat Avropa çempionu Rafiq Hüseynov ilk mərhələdə (1/8 final) son dünya çempionatının gümüş mükafatçısı isveçli Aleks Kessidis ilə üz-üzə gələcək.
Qadın güləşi üzrə 68 kiloqram çəki dərəcəsində isə Elis Manolova mübarizə aparacaq.. Avropa çempionumuz 1/8 finalda nigeriyalı Blessinq Oborodudunun müqavimətini qırmağa çalışacaq.
Gün ərzində finalçıların adına aydınlıq gələcək. Medallar uğrunda həlledici qarşılaşmalar sabah keçiriləcək.
Güləş yarışları 06:30-da başlayır.
Qeyd edək ki, Tokio 2020-yə 44 idmançı ilə qatılan Azərbaycanın hesabında rəsmiləşmiş 2 medal var. Ölkəmizə "bürünc"ləri qadın cüdoçu İrina Kindzerska (+78 kq) və boks üzrə kişilərdən ibarət millinin üzvü Alfonso Dominqes (81 kq) qazandırıb. 24 təmsilçimiz Oyunlarla əliboş vidalaşıb.
Sahib Əsədbəyli