Sərbəst güləşçimiz Turan Bayramov (74 kq) Tokio 2020-də mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, 20 yaşlı idmançımız yarışlara 1/8 finaldan başlayıb.
23 yaşadak güləşçilər arasında dünya çempionatınının qalibi olan Bayramov Ukrayna təmsilçisi Vasili Mixaylovu 4:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
1/4 finalda ikiqat dünya çempionu, Rio Olimpiadasının bürünc mükafatçısı Frank Çamizoyla (İtaliya) qarşılaşan güləşçimiz uğurun ardını gətirə bilməyib (1:3).
Çamizo yarımfinalda Belarus güləşçisinə uduzduğundan, Bayramov təsəlliverici görüşlərə qatılmaq şansını itirib.
Qeyd edək ki, Azərbaycan Tokio 2020-də 3 sərbəst güləşçi ilə təmsil olunur. Hacı Əliyev (65 kq) və Şərif Şərifov (97 kq) sabah xalça üzərinə çıxacaq.
Sahib Əsədbəyli