16:00 08.04.2022 564

Güləşin "qızıl dubl"una sözardı: "Əsl komanda mühiti indi formalaşıb"

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

28 mart - 3 aprel tarixlərində Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirildi. Yarışa ümumilikdə 23 nəfərlik heyətlə yollanan Azərbaycan yığmalarının 16 üzvü çıxışını medalla başa vurdu. Mükafatlardan 3-nün əyyarı qızıl, 6-sı gümüş, 7-si bürünc oldu. Bununla Azərbaycan medalların həm keyfiyyətinə, həm də kəmiyyətinə görə yalnız Türkiyədən geri qalaraq 37 ölkə arasında ikinci yeri tutdu. 

Üçqat Avropa çempionluğu

Çempionat ənənəyə uyğun olaraq sərbəst güləşçilərin mübarizəsi ilə start götürdü. 

Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə yarışa tam heyətlə yollanan yığmamızın 10 üzvündən 7-si fəxri kürsüyə qalxdı. Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazandı.

Yekunda 159 xal toplayan millimiz komanda hesabında Avropa çempionu oldu. Məhəmmədxan 25, Əliabbas, Hacı, Əşrəf və Abubakr 20, Turan və Osman 15 xalı komandamızın hesabına yazdı. Zirəddin Bayramov yığmamıza 10, Aydın Əhmədov 8, İslam Bazarqanov isə 6 xal qazandırdı.

Azərbaycan 2-ci pillədə qərarlaşan Türkiyəni 18 xal qabaqladı. Üçüncü yeri tutan Gürcüstan isə 133 xal topladı. Beləliklə, sərbəst güləş üzrə yığmamız 3-cü dəfə Avropanın ən güclü komandası ünvanına sahib çıxdı. Bunadək milli 2009-cu ildə Litvanın paytaxtı Vilnüsdə və 2017-ci ildə Serbiyanın Novi Sad şəhərində təşkil olunan analoji yarışlarda da qitə çempionu adına yiyələnmişdi.

Bu, sərbəst güləşçilərin son 1 ayda ikinci belə uğuru oldu. Martın 7-13-ü tarixlərində Bolqarıstanın Plovdiv şəhərində baş tutan U-23 Avropa çempionatında da müvafiq millimiz komanda hesabında 1-ci yeri tutmuşdu.

Fanat.Az olaraq yığmanın Avropa çempionatındakı çıxışını millinin məşqçisi Arif Abdullayevlə müzakirə etdik.

- Yarışın yekunlarını Azərbaycan yığması üçün necə dəyərləndirirsiniz?
- Hesab edirəm ki, kifayət qədər yaxşı nəticədir. 10 çəki dərəcəsindən 7-sində medal qazandıq. Bu, özü çox şeyi deyir.

- Komanda hesabında çempionluq əldən qaçan 4 finalı unutdururmu?
- Finalda uduzmaq həmişə üzücüdür. Güləşçilərimizin beş finaldan cəmi birini qazanması yaxşı olmadı. Ancaq gəlin buna başqa tərəfdən yanaşaq. Budapeştə apardığımız heyət kifayət qədər gənc idi. Finala yüksələn idmançılarımızdan biri - Əşrəf Aşırov cəmi bir neçə gün öncə 23 yaşlıların Avropa çempionatında çıxış edib üçüncü yeri tutmuşdu. Həmçinin Əliabbas Rzazadə karyerasında ilk dəfəydi ki, böyüklərin Avropa çempionatına qatılmışdı. Əliabbasın final görüşünün nəticəsində hakim haqsızlığının da rolu çox oldu. Referi "tuşe"yə gedən vəziyyətdə heç nədən görüşü saxladı, Əliabbasın 2 xalı sayılmadı. Hakimlərin yanlış qərarı o cümlədən, "bürünc" qazanan Osman Nurməhəmmədovu da bəlkə də qızıl medaldan etdi.

- Yığmanın lideri Hacı Əliyevin məğlub olduğu görüş barədə fikriniz nədir? Ümumilikdə onun çıxışından razı qaldınız?
- Hacı Olimpiadadan sonra intensiv məşqlərə gec qoşuldu. Tokiodan döndükdən sonra başlasaydı, hesab edirəm ki, Budapeştdəkindən iki dəfə yaxşı güləşərdi. Hacı ilk hissədə o səhvi edib ayağını rəqibə verməsəydi, nəticə fərqli ola bilərdi. Deyim ki, onun da final görüşündə hakimlərin ev sahibi ölkənin təmsilçisinə tərəfkeşliyi aydın hiss olunurdu. 

- Ölkəyə yeganə qızıl medalı dağıstanlı legioner Məhəmmədxan Məhəmmədov qazandırdı. Bu güləşçinin adını əksər yerli güləş həvəskarları ilk dəfə idi eşidirdi...
- Məhəmmədxan ötən ilin dekabrından bizə qoşulub. Rusiya yığmasının heyətində gənclər arasında dünya çempionu olub. Cəmi 24 yaşı var, gənc, istedadlı idmançıdır. Bu yarışda özünü ən yaxşı tərəfdən göstərdi. Finalda udduğu Macarıstan təmsilçisi Vladislav Baytsayev də Rusiya millisinin keçmiş üzvü, kifayət qədər güclü, təcrübəli güləşçi idi. 

- 74 kiloqramda çıxış edən gənc güləşçi Turan Bayramovun nəticəsini uğurlu saymaq olar?
- Böyüklər arasında ardıcıl ikinci qitə çempionatında medal qazandı. Bu, artıq onun stabil idmançı olmasından xəbər verir. Təbii ki, səhvlər var, onların da üzərində işləmək lazımdır.

- Həmin çəkidə Cəbrayıl Hacıyevin AÇ-də iştirakının daha yaxşı nəticə verə biləcəyi ilə bağlı fikirlər səsləndirildi...
- Federasiya rəhbərliyi və yığmanın məşqçilər heyəti qərara gəldi ki, 23 yaşlıların Avropa çempionatına Cəbrayıl, bu yarışa Turan aparılsın. Çünki Bayramovun böyüklər arasında yarış təcrübəsi daha çoxdur. Qarşıdakı böyük yarışlar ərəfəsində yenə reytinq turnirləri təşkil olunacaq. Biz bu iki güləşçini, həmçinin artıq zədəsini sağaldan Hacımurad Hacıyevi həmin turnirlərdə sınaqdan keçirəcəyik. Hansı daha yaxşı olsa, yığmada ona yer veriləcək.

- Bu üç gənc və perspektivli güləşçidən birinin çəkisini dəyişməsi mümkündürmü?
- Çətin ki, çəki dəyişikliyi olsun. Çəkini aşağı salmaq da, artırmaq da onlar üçün asan olmayacaq. Həm də bizim istədiyimiz odur ki, yığmada hər çəki üzrə azı 2-3 güclü idmançı olsun, onlar arasında rəqabət getsin. Bu, sadəcə, yaxşı nəticələrə səbəb ola bilər.

- Ümumi götürəndə, yığmanın hazırkı durumunu Tokio Olimpiya dövrü ilə necə müqayisə etmək olar?
- Tokioyaqədərki heyət yaşlanmış heyət idi. İndi isə yığmada yalnız Hacı Əliyevin yaşı 30-dur. Gənclər gələcəyə ümidlə baxmağa əsas verir. 

"Dişsiz" yığma

Sərbəst üsulla güləşən kişi pəhləvanların ardından mübarizəyə qoşulan qadın güləşçilərimiz, gözlənildiyi kimi, uğurun ardını gətirə bilmədi. Ölkə qadın güləşinin ən parlaq siması Mariya Stadnikin yoxluğunda "dişsiz" təsir bağışlayan yığma yarışa cəmi üç nəfərlik heyətlə yollanmışdı. 

Sonda milinin qazancı bir medal oldu. 65 kiloqram çəki dərəcəsində çıxış edən 26 yaşlı milliləşmiş bolqarıstanlı idmançı yarışı gümüş mükafatla tamamladı. Manolova bu uğuru ilə komandamızın hesabına 20 xal gətirdi. Beşinci olan Türkan Nəsirova (50 kq) 10 xal, dördüncü yeri tutan Alyona Kolesnik (59 kq) 12 xal topladı. Bununla milli Türkiyənin 1-ci, Ukraynanın 2-ci olduğu yarışda 11-ci yeri tutdu. 42 xalı olan yığmamızı “onluq”dan iki xal ayırdı.

Üçqat rekord

AÇ-nin son üç günündə mübarizə aparan yunan-Roma güləşi üzrə millimiz qitə birinciliyində tarixi uğura imza atdı. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 10 güləşçiylə yarışda təmsil olunan komandamızın 8 üzvü fəxri kürsüyə qalxdı.

Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazandı. Onlar komandaya uyğun olaraq 25, 20 və 15 xal qazandırıblar. Beşinci yeri tutan Murad Lokyayevlə (97 kq) Beka Kandelaki (130 kq) isə millimizin xal ehtiyatına 10 xal əlavə etdi.

Beləliklə, yığmamız 165 xalla tarixində ilk dəfə komanda hesabında Avropa çempionu tituluna sahib çıxdı. Türkiyə 150 xalla 2-ci, Gürcüstan isə 114 xalla 3-cü yeri tutdu.

Bu, həm medalların sayına, həm əyarına, həm də toplanan xallara görə Azərbaycan yunan-Roma güləşi tarixində yeni rekord oldu.

Millimizin iki güləşçisi də ayrılıqda tarixi nəticə ilə fərqləndi. Eldəniz Əzizli Macarıstanda Avropa çempionu olmaqla Azərbaycan yunan-Roma güləşi tarixində rekorda imza atdı. 55 kq-da çıxış edən pəhləvan yunan-Roma güləşi üzrə Avropa çempionatlarında ən çox medala sahib çıxan idmançımıza çevrildi. Onun hesabında 6 belə medal var. 

Eldənizin yığmadakı komanda yoldaşı Rafiq Hüseynov da adını tarixə yazdırdı. 82 kiloqram çəki dərəcəsində yarışan pəhləvan güləşin bu növündə üçqat Avropa çempionu olan ilk Azərbaycan təmsilçisi ünvanına yiyələndi.

"Rusiyanın olub-olmaması bizi maraqlandırmır"

"Klassiklər"imizin çıxışı barədə yığmanın məşqçisi Həsən Əliyevlə söhbətləşdik.

- Mən yarışdan öncə də sizin saytınıza müsahibə vermişdim. O zaman qeyd etmişdim ki, 55 kq-dan 87 kq-dək bütün çəkilərdə qızıl medal qazanmaq şansımız var. Həmin çəkilərdəki idmançıların hamısının medal qazanması göstərdi ki, onlara olan ümid əbəs deyilmiş. Ümumi götürəndə, yığmanın çıxışını yüksək qiymətləndirirəm. Təbii ki, daha yaxşı ola bilərdi. Ümumiyyətlə, yığma yarışı 10 qızıl medalla başa vuranadək həmişə daha yaxşısının mümkün olduğuna inanmaq lazımdır.

- Konkret olaraq hansı idmançıların qızıl medalı əldən verdiyi qənaətindəsiniz?
- Murad, Taleh, Həsrət, Ülvi, Sənan, İslam - bunların hamısının qızıl medal üçün böyük imkanları var idi. Yəni digər əyyarlı medal qazanan idmançıların hər biri "qızıl"a layiq uşaqlardır. Uduzduqları görüşlər də göstərdi ki, onlar rəqiblərindən zəif deyillər. Hər biri rəqibləri ilə başabaş güləşdi. Sadəcə, xırda ehtiyatsızlıq, bəzi məqamlarda isə hakimlərin qarşı tərəfə tərəfkeşlik etməsi sözünü dedi. 

- Hakim qərarı hansı görüşdə həlledici rol oynadı?
- Həsrət Cəfərovun Türkiyə idmançısı ilə yarımfinal görüşündə hakimlər açıq-aşkar rəqibə tərəfkeşlik etdi. Bəzi məsələləri açıb-ağartmaq istəmirəm. Amma nəyin necə olduğunu hamı gördü. Əslində, Həsrətin uduzmasında mən hakimlikdən daha çox onun özünü günahlandırıram. Öz güləşini göstərə bilmədi. Bunu etsəydi, görüşü rahatlıqla udardı.
Həsrət donmuşdu sanki. Güləşinin 40 faizini ortaya qoya bilmədi. Bilmirəm niyə belə oldu. Şokda idim. 
Bir yandan da düşünürəm ki, elə xeyirlisi budur.
Mənim kimi 2 il əvvəldən Avropa və dünya çempionatlarını udub, Olimpiadaya o formada getməkdənsə, Paris-2024-ə yaxın pikdə olması daha yaxşıdır. Əsas odur, rejimi, məşqi yerindədir. Müəyyən çatışmazlıqlar da düzələcək. Hələ 19 yaşı var.

- İslam Abbasovun məğlubiyyəti xüsusilə diqqət çəkdi. Onun uduzduğu görüş barədə nə deyə bilərsiniz?
- İslama dəfələrlə demişəm ki, onun məşqindən narazıyam. Düzdür, həmin görüşdə ehtiyatsızlıq həlledici rol oynadı. Uda biləcəyi rəqibə uduzdu. Amma qarşıda daha böyük sınaqlar var, İslamın indiki hazırlığını artırması lazımdır. 

- Diqqətçəkən məqam medalçıların hamısının yerli idmançılar olmasıdır. Heyətdəki iki legioner yenə ümidləri doğrultmadı. Murad Lokyayevlə Beka Kandelakini artıq komandadan göndərmək lazım olduğunu düşünmürsünüz?
- Lokyayevin güləşi şəxsən məni heç cür qane eləmir. Böyük ehtimalla artıq yığmadan göndəriləcək. Onu əvəzləyəcək yerli uşaqlar var. Orxan Nuriyev Gürcüstandakı təlim-məşq toplanışında zədələnməsəydi, onu elə bu yarışa da aparmağı düşünürdük. Kandelaki isə pis güləşçi deyil. Onunla bağlı qərar verməyə tələsmirik. Həm artıq Rio Olimpiadasının bürünc mükafatçısı Sabah Şəriəti də yığmaya qoşulub. Düzdür, hələlik formada deyil. Uzun müddət idi komandada deyildi, İranda etdiyi məşq də təbii ki, istənilən effekti verə bilməzdi. Onu da Beka ilə birgə qarşıdakı turnirlərdə sınaqdan keçirəcəyik. Ən azından rəqabət olacaq ki, bu da istənilən halda, inkişafa xidmət edir.

Hələlik ağır çəkidə legionerləri əvəzləyəcək yerli idmançı yoxdur. Gənclərdə çıxış edən Sərxan Məmmədov hələ böyüklərin turnirinə hazır deyil. Ancaq hamı kimi mən də çox istəyirəm ki, tezliklə milli tam olaraq yerli idmançılardan təşkil olunsun. Çox keçməz, bu da olar. Mən buna inanıram.

- Taleh Məmmədov və Rafiq Hüseynov kimi təcrübəli idmançılar yarışdan sonra yığmanın keçmiş məşqçilər heyəti ilə bağlı tənqidi fikirlər səsləndirmiş, özlərinin əvvəlki illərdə kölgədə qalmasına görə onları günahlandırmışdı. Siz özünüz də onların vurğuladığı dövrdə millinin "sükanı arxası"nda olan şəxslərin hamısının rəhbərliyi altında çıxış etmisiniz. Odur ki, məsələyə sizin də münasibətinizi öyrənək...
- Qısaca deyim ki, yığmada əsl komanda mühiti indi formalaşıb.  Əvvəllər hərə özünə idi. Hamı öz mənfəətini düşünürdü. 

- Qarşıda yığmanı daha məsul yarışlar gözləyir. Dünya çempionatı, İslam Həmrəyliyi Oyunları və Bakıda Dünya Kuboku var. Hədəflər nədir?
- Hədəf, sadəcə, ən yaxşısına nail olmaqdır. Avropa çempionatındakı birincilikdən sonra bütün yığmaların gözü bizdədir. Medalçıları daha dərindən analiz edəcəklər. Ən əsası, məsuliyyətimiz artıb. Hamı bizdən ancaq çempionluq gözləyir.

- Rusiya yığması iştirak edəcəyi təqdirdə, milli yenə ən yaxşısına ümid edə bilərmi?
- Bizi Rusiyanın olub-olmaması maraqlandırmır. Rusiyanın iştirak etdiyi Dünya Kubokunun qalibi olmuşuq. Bir dəfə də sadəcə hakim xətasına görə uduzub, ikinci yeri tutmuşuq. Nə Rusiyadan, nə də digər ölkənin yığmasından çəkinirik.

- Budapeştdəki heyətin dəyişmə ehtimalı var?
- Hansısa gözlənilməzlik - zədə filan olsa, mümkündür. İndiki halda ciddi dəyişiklik barədə düşünmürük.

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 Aprel 2024
22:49

"Şeffild Yunayted"dən tarixi antirekord - Hələ beləsi olmamışdı

21:22

"Mövsümü fantastik şəkildə başa vuracağımızı hiss edirik" - Ançelotti

20:16

"Yuventus" forvardını dilə tutur, ancaq...

19:30

"Çelsi" tarixinin ən bahalı oyunçusu üçün mövsüm bitdi

18:44

Bundesliqa klubunun qolçusu İtaliya nəhənginə keçəcək

18:03

Avropa Çempionatı: Azərbaycan cüdoçusu finala yüksəldi

17:53

Azərbaycan yığması Özbəkistana uduzdu

17:23

Əliyar Ağayev Fatih Terimin komandasının oyununu idarə edəcək

17:02

Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: "Üç dəqiqə söhbətləşdik və..."

16:41

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

16:19

Ançelotti Xavinin fikrini dəyişməsinə belə reaksiya verdi

16:00

"Təəssüflər olsun ki, qol vurmadım, amma..." - Ağadadaş Salyanski

15:55

"Güclü olmalıyıq, çünki uduza bilmərik" - "Mançester Siti"nin hücumçusu

15:37

Karrager Salahı hədəfə aldı: "Özünə bənzəmirdi"

15:18

"Qəbələ"nin müdafiəçisi üçün yubiley

15:00

"Son tura qədər çempionluq uğrunda mübarizəmizi davam etdirəcəyik" - Elçin Usub

14:42

"Sabah" Akademiyaya bölgədən futbolçu seçəcək

14:23

"Hansısa klub barədə neqativ qərar verilsə..." - Məmmədov Nyondakı iclasdan danışdı

14:04

"Qəbələ"nin hücumçusu əməliyyat olundu

13:44

FİFA referisi I Liqaya göndərildi

13:28

"Məşqçimiz rahatlaşmağımıza imkan vermir" - "Qarabağ"ın qoleadoru

13:07

"Boykot qərarı “Neftçi”nin xeyirinə olmayacaq" - Braziliyalı müdafiəçi

12:49

İngiltərə Premyer Liqasında antirekord qeydə alındı

12:25

Barış Şimşək yeni akademiya yaratdı - Azərbaycanda

11:56

"Budəfəki kimi oynasaq..." - Kapitan komanda yoldaşlarına səsləndi

11:39

"Qəfəs döyüşü deyil ki, rəhmimiz gəlsin" - Toral Bayramov

11:21

"Bu axşama görə azarkeşlərdən üzr istəyirəm"

11:03

Finalda təkrarlanan 6-cı cüt

10:44

"Liverpul" üçün sürpriz baş məşqçi - Kloppun xələfi bilindi

10:27

11-ci dəfə finala yüksələn "Qarabağ" "Neftçi"yə çatdı

10:09

Azərbaycan Kubokunda rekord qeydə alındı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:24

"Bayer"də ayrılıq - Çempionu tərk edir, Almaniyanı yox

09:00

"Barselona" Xavi ilə bağlı qərarını verdi - Təsdiqləndi

01:17

MY-dən əzmkar qələbə, "Liverpul" derbidə uduzdu

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

Facebookdan bizi izləməyi unutmayın.
X