16:05 16.09.2022 668

"Dörd "qızıl" qazanan serblərin hərəsinin 5-6 kilo artıq çəkisi varıydı" - MÜSAHİBƏ

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Mundialda artıq yunan-Roma və qadın güləşi üzrə mübarizəyə yekun vurulub. Azərbaycan "klassiklər"inin yarışdan qazancı 1 qızıl, 1 gümüş və 3 bürünc medal oldu. Beş nəfərdən ibarət qadın güləşi millisi isə çıxışını əliboş tamamladı.

Son dövrlər stabil çıxışla yadda qalan Aleksandr Tarakanovun çalışdırdığı kollektivə DÇ öncəsi inam nə qədər yüksək idisə, Mariya Stadniksiz qadın millisinin "dişsizliy"i gözlənilən idi.

Mundialda bu günədək ölkəmizə yeganə qızıl medalı Eldəniz Əzizli (55 kq) qazandırıb. Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc mükafata sahib çıxıb. Çempion komandanın aktivinə 25, gümüş mükafatçı 20, bürünc medalçılar hərəyə 15, 5-ci olan Rafiq Hüseynovla (82 kq) Murad Məmmədov 10, Sabah Şəriəti (130 kq) 8 xal yazdırıb. Yekunda 118 xal toplayan yunan-Roma millisi komanda hesabında yalnız Türkiyəni önə buraxaraq dünya 2-cisi olub. "Ay-ulduzlular"dan 7 xal geri qalan təmsilçilərimiz üçüncü olan ev sahiblərini 8 xal qabaqlayıb. 

"Klassiklər" dünya çempionatında həm medalların, həm də toplanan xalların sayına görə ölkə tarixində ən yüksək göstəricini müəyyənləşdirib. Xatırlatma edək ki, bunadək hər iki rekord ötən il Osloda keçirilən analoji yarışda əldə olunmuşdu. Yığma Norveç paytaxtında 1 qızıl, 1 gümüş, 2 bürünc medala sahib çıxıb, komanda hesabında 107 xal toplamışdı. 

Lakin ötənilki mundialla müqayisədə güləşin bu növündə də dünya lideri olan Rusiyanın məlum siyasi səbəblərdən yarışa buraxılmadığını nəzərə almalıyıq. Əksər mütəxəssislərin fikrincə, yığma şimal qonşularımızın yoxluğunda daha yaxşısına nail olmaq gücündə idi.

Fanat.Az olaraq dünya ikincisi olan yunan-Roma millisinin mundialdakı çıxışını yığmanın məşqçisi Həsən Əliyevlə müzakirə etdik.

- Beş medal və komanda hesabında Avropa çempionluğundan sonra dünya ikinciliyi. Lakin gəlin qəbul edək ki, güclü Rusiya yığmasının olmadığı şəraitdə nəticəni cəmi bir "bürünc" yaxşılaşdırmaq ciddi irəliləyiş sayılmaz.
- Beş medal Azərbaycan yunan-Roma güləşi adına yüksək göstəricidir. Ancaq bəli, daha yaxşı ola bilərdi. Həmişə demişəm, təkrar edirəm, bütün çəki dərəcələrində qızıl medal qazanana kimi daha yaxşısı mümkündür. Biz yarışdan əvvəl Eldəniz Əzizli, Həsrət Cəfərov və Rafiq Hüseynovun finalda olacağına ümid edirdik. Həmişəki kimi, Ülvi Qənizadə gizli favorit var idi. İki final oldu, Həsrət də bürünc qazandı. Qazandığımız qələbələri Azərbaycan - Ermənistan sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olan qəhrəman hərbçilərimizə həsr edirik.

- Xüsusi təəssüfləndirici məqam ikinci yarış günündə üç təmsilçimizin hamısının yarımfinalda uduzması oldu. Onlardan xüsusilə Həsrət Cəfərovun final şansları yüksək qiymətləndirildi. Taleh Məmmədovun qarşılaşdığı serbiyalı Sebastyan Nad da təcrübəli idmançımız üçün keçilməz rəqib təəssüratı yaratmırdı. Həmin şansları dəyərləndirmək üçün nə çatmadı? 
- Əvvəla onu qeyd edim ki, Serbiya güləşçiləri yarışa çəki salmamışdı. Talehin də, Həsrətin də, Ülvinin də qarşılaşdığı rəqiblərin hərəsinin 5-6 kilo artığı varıydı. Talehin rəqibi bunadək - hətta gənclərdə də 66- 67 kiloda güləşib, birdən-birə 63-ə necə gəldi? Tərəziyə nə etmişdilərsə, hamıda, demək olar, eyni rəqəm göstərirdi. Ayrıca, çəki salan adamın üz-gözündən bu hiss olunur. Dünya Güləş Birliyinin rəhbərinin serb olması, ev sahibliyi amili, hakim dəstəyi sözünü dedi. Başqa şərtlərlə Serbiyanın 4 qızıl medal alması qeyri-mümkün idi. Bu, onların sonuncu belə uğuru olacaq. Həsrəti hakimlər də çox "sıxdı". Heç nədən rəqibə iki xal verdilər. Serbi keçib, finala çıxsaydı, iranlını da udub dünya çempionu ola bilərdi. İranlı bu yarışda əvvəlki formasından uzağıydı. Çünki həddən artıq çox çəki salır. 

- Güləşsevərlər bu sualı tez-tez verir: "Eldəniz Əzizli niyə olimpiya çəkisi olan 60 kiloqrama keçmir?" Məşqçilər heyətinin bu məsələyə yanaşması necədir?
- Eldəniz 55 kiloqram çəki dərəcəsinin dünyada aşkar lideridir. Rusiyalı Abdulrəşid Sadullayev, iranlı Həsən Yazdani öz çəkisində kimdirsə, Eldəniz də odur. Deyə bilərsiniz ki, axı Eldəniz əvvəlki yarışlarda uduzurdu. Deyim ki, həmin məğlubiyyətlərin hamısı sadəcə, öz səhvindən, yanlış taktika qurmağından olub. Bu dəfə doğru taktika seçdi və nəticə də göz qabağındadır. Konkret suala gəlincə, bunu idmançının özü istəməlidir. Biz kiminsə qarşısına şərt qoymamışıq ki, sən mütləq bu çəkidə güləşib bizə medal qazandırmalısan. Eldəniz olimpiya çəkisinə can atsa, həmin çəkidəki idmançılarla yoxlayacağıq, kim güclü olsa, o da lisenziya yarışlarına gedəcək.

- Maraqlıdır ki, Eldənizin 2018-ci ildə dünya çempionatının finalında tam üstünlüklə yendiyi qırğız Jolaman Şarşenbekov bu dəfə 60 kiloda çempion oldu. Sizcə, Eldənizin bundan sonra 60 kiloqramda nəticə verməsi mümkündür?
- Güləşə bilər. Eldəniz yüksək fiziki göstəricilərə sahib idmançıdır. Amma etiraf etməliyik ki, 60 kiloqram 55-ə nisbətdə çox-çox çətin çəkidir. Növbəti ildən də Olimpiya Oyunlarına lisenziyalar qazanılmağa başlayacaq. Eldənizin iki yolu var: ya 55 kilonu seçib üçüncü dəfə dünya çempionu ola bilər, ya da 60 kiloda olimpiya lisenziyası üçün mübarizə apara bilər. Nəzərə alaq ki, üçqat dünya çempionluğu da kifayət qədər ciddi göstəricidir. Amma yenə deyirəm, məşqçilər heyətinin ondan mütləq 55 kiloda güləşməlisən deyə, bir tələbi yoxdur. 

- 60 kiloqramdakı Murad Məmmədov stabil idmançı deyil. Eldənizin ən azından onunla rəqabət imkanlarını necə dəyərləndirirsiniz?
- Muradla Eldəniz bu yaxınlarda reytinq turnirinin finalında qarşılaşdılar. Murad asanlıqla qalib gəldi. Amma Eldəniz də o yarış üçün hazır deyildi. İndidən qəti fikir bildirmək olmur. 60-da qərarlı olsa, onda daha dəqiq danışmaq olar.

- Mundialda son dünya ikincisi Sənan Süleymanovun və son dünya çempionu Rafiq Hüseynovun medalsız qalması nə qədər təəssüf doğurdusa, bunadək ciddi nailiyyətlə yadda qalmayan Arif Niftullayevin mükafatçılar sırasına düşməsi bir o qədər gözlənilməz və sevindirici oldu.  25 yaşlı idmançı bununla həm də əvvəlki iki ildə 97 kiloqramda ölkəni təmsil edən legioner Murat Lokyayevdən daha layiqli seçim olduğunu nümayiş etdirdi...
- Əvvəl səsləndirdiyim fikrə gəlib çıxırıq. Yığmanın məşqçilər korpusu heç kimin qabağını kəsmir. Yarışdan əvvəl Ariflə Lokyayevi beynəlxalq turnirdə sınadıq, Niftullayev daha üstün oldu və belədə onu dünya çempionatına apardıq. Halbuki daha əvvəl İslamiadada medal qazana bilməmişdi. Arifin belə çıxışı həqiqətən gözlənilməz oldu. Deyərdim ki, o yarış vaxtı görüşdən görüşə psixoloji güc yığdı, özünə inandı. Yarımfinaldakı bolqarı da uda bilərdi. Bir səhvə görə uduzdu.

Sənandan belə çıxış gözləmirdik. Amma idmandır, olur. Əsas odur ki, Sənan intizamlı idmançıdır. Bu müddətdə məşqlərini axsatmayıb. Ümumiyyətlə, yığmada nizam-intizamı qaydasında olmayan idmançı yoxdur.

Rafiqin isə zədələri sözünü dedi. Yaş amili də istər-istəməz özünü göstərir.

- Bu məğlubiyyət Rafiq Hüseynova necə təsir edib? Karyerasını bitirməsi mümkündür?
- Əksinə, daha da həvəslidir. Deyir, qarşıda uduzduğum idmançılarla qarşılaşıb, revanş almaq istəyirəm. Rafiq çox prinsipial idmançıdır. 

- Ümumi götürsək, millinin Tokio-2020 Olimpiadasınaqədərki vəziyyəti ilə indiki durumu arasında müsbətə doğru xeyli fərq var. Sizin özünüz də əvvəlki on ildəki məşqçilərin rəhbərliyi altında güləşmisiniz. Rusiyalı Aleksandr Tarakanovun rəhbərlik etdiyi məşqçilər korpusunun əvvəlkilərdən əsas fərqi nədir? 
- Öncə federasiyanın yeni rəhbərliyinin güləşə yanaşmasını qeyd etmək istərdim. Rəhbərlik uğurlu nəticələr üçün əlindən gələni edir. 

Mən əvvəldən də demişdim ki, yığmada məşqçi heyətinin özünü göstərməsi üçün vaxt lazımdır. Sən bir neçə aydır təyin olunan məşqçidən heç nə gözləyə bilməzsən. Odur ki, Tokio Olimpiadasındakı uğursuzluq birmənalı olaraq əvvəlki məşqçilərin adına yazılmalıdır. İndiki məşqçilərin əsas fərqi ondadır ki, məşqdə idmançı ilə birgə əziyyət çəkir. Hətta idmançıdan daha çox işləyir, yorulur. Əvvəlkilər kimi ayağını ayağının üstünə aşırıb tamaşa eləmir. Yığmada şəffaflıq var. İdmançı hansısa maraqlara qurban getmir. Siz hesabınızı ondan götürün ki, bu gün ikiqat dünya və Avropa çempionu olan Eldəniz Əzizli çarəsizlikdən bir ara sərbəst güləşdə özünü sınayırdı. 

- Yığmanın təcrübəli üzvləri, konkret desək, Taleh Məmmədovla Rafiq Hüseynov açıqlamalarında dilə gətiriblər ki, bizim vaxtında uğurlu olmamağımızın səbəbi yığmanın əvvəlki - iranlı, türkiyəli məşqçiləri olub. Siz də karyeranızın ilk illərində yüksək nəticələr göstərmiş, hətta Avropa və dünya çempionu olduğunuz 2010-cu ilin yekunlarına görə əvvəlki adı ilə Beynəlxalq Güləş Federasiyası tərəfindən dünyanın ən yaxşı yunan-Roma güləşçisi seçilmişdiniz. Sonradan yenə dünya və Avropa çempionatlarında mükafatlar əldə etsəniz də, bunların heç biri qızıl əyyarlı olmadı. Daha önəmlisi, sizdən gözlənilən olimpiya medalını qazana bilmədiniz. Siz də karyeranızdakı enişi əvvəlki məşqçilərin ayağına yazırsınız?
- Buna mənimlə çiyin-çiyinə güləşmiş indiki bəzi yığma üzvləri münasibət bildiribsə, kifayətdir. Hər şey göz qarşısındadır.

- Əvvəlki illərdən fərqli olaraq bu dəfə mundial yunan-Roma yığması üçün ilin son əsas yarışı olmayacaq. Qarşıda doğma divarlar arasında Dünya Kuboku turniri var. Yarışa hazırlıq necə aparılacaq: Ölkə xaricində təlim-məşq toplanışı nəzərdə tutulubmu?
- Hələlik dünya çempionatında güləşən heyətə istirahət vermişik. Birinci gündən hazırlıqlara başlayacağıq. Hələlik diqqəti U-23 dünya çempionatına yönəltmişik. Dünya Kubokuna təlim-məşq toplanışı ölkə daxilində olacaq.

- Dünya Kubokunda əsas rəqibləriniz Türkiyə, İran və Serbiya olacaq. Bu rəqiblərlə mübarizədə kuboku Bakıda saxlamaq imkanlarınızı necə qiymətləndirirsiniz?
- Komandamız buna qadirdir. Həmin yığmaların Bakıya hansı heyət və hazırlıqla gələcəyini bilmirik. Amma hər halda Dünya Kuboku ciddi yarışdır. İstənilən halda, komandamız onlara qalib gələcək gücdədir.

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 May 2024
23:00

"Komandamı ən az "Neftçi"yə qarşı motivasiya edirəm" - Qurbanovdan 5:0 şərhi

22:40

"Azarkeşlərdən üzr istəyirəm" - Miodraq Bojoviç

21:21

MPL: Tovuzda qalib olmadı, "Qarabağ" "Neftçi"ni darmadağın etdi

21:00

Daha bir komanda Premyer Liqaya yüksəldi - 22 il sonra

19:22

"Stressin səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi"

18:46

"Müdafiəçilərimiz ən zəif oyunlarından birini keçirdilər" - Samir Abasov

18:40

"Bayern" "Barselona"nın ulduzu ilə güclənir - SON DURUM 

17:56

Voleybol: Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

17:32

Kurtua bu mövsüm ilk dəfə meydana çıxır

17:10

Piolinin yeni klubu bilindi

16:43

Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü

16:22

U-17 "lotoreya"da uduzdu

16:00

"Messi böyük ulduz yox, ulduzcuqdur"

15:20

Lopeteqi Bundesliqa yolunda - Danışıqlar başladı

14:54

De Zerbi karyerasını davam etdirmək istədiyi klubun adını açıqladı

14:28

Postekoğlu "Tottenhem"də köklü dəyişiklik tələb edir

13:55

Ozan Can oynadı, “Eyndhoven”...

13:33

"Sponsor olmadan mübarizə aparmaq çətindir" - "Kəpəz"in İdarə Heyətinin üzvü

13:15

Azərbaycan millisinin üzvü Qazaxıstan klubundan ayrıldı

12:57

Avropa Kuboku: Millimiz bürünc mükafat qazandı

12:30

Şahmatçılarımız 125 min dollarlıq yarışda mübarizəyə başlayır

12:06

AÇ-2024-lə bağlı yeni qərar: UEFA Fransanın etirazına baxmadı

11:40

Qvardiola bütün İngiltərənin "ürəyinə su səpdi" - "Məndə belə hiss var ki..."

11:15

"Real" La Liqa çempionluğunu bayram etməyəcək - SƏBƏB

10:52

La Liqada ayın ən yaxşısı bilindi

10:28

Emin Mahmudov "Qarabağ"la matçda oynamayacaq - RƏSMİ

10:09

Avropa Kubokunun püşkü atıldı - Göygöldə

09:50

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

09:00

Messidən "İnter Mayami"yə fantastik qazanc - Klub funksioneri yeni büdcəni açıqladı

01:25

İPL: "Everton" səfərdə büdrədi

00:57

Tur "sülh"lə start götürdü

00:33

"Beşiktaş" son dəqiqə qolu ilə 3 xal qazandı

03 May 2024
21:56

"Prezident Kuboku-2024": Bağlanış mərasimi keçirildi

21:18

"Həyatımın yarıdan çoxunu bu klubda keçirdim" - Marko Roys

20:54

MY ilə "Barselona" yarımmüdafiəçilərini dəyişirlər

20:28

"Qalib gəlsəydik, bu insident yaşanmayacaqdı" - Klopp Salahla mübahisəsindən danışdı

19:30

Mourinyu AÇ-2024-ün favoritlərini açıqladı

18:45

Ronaldo "Valyadolid"i də satacaq? - AÇIQLAMA

18:14

"Qarabağ" - "Neftçi" görüşünün hakimi bəlli oldu

18:00

"Nyukasl" iki oyunçusuna fantastik qiymət qoydu - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X