16:42 24.06.2022 401

Azərbaycan güləşində ilk: \"Rusiyanın rekordunu qırmağa 4 xalımız çatmadı\"

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

13-19 iyun tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə 17 yaşadək güləşçilər arasında növbəti Avropa çempionatı keçirildi. Müvafiq yaş qrupu üzrə sayca 24-cü olan qitə birinciliyi Azərbaycan güləşi tarixinə bir sıra rekordlarla düşdü. 

Yarışın ilk günlərində mübarizəyə qoşulan yunan-Roma güləşi millisi çıxışını 2 qızıl, 5 gümüş, 1 bürünc medalla başa vurdu. Ümumilikdə 175 xal toplayan "klassiklər" ardıcıl ikinci dəfə komanda hesabında qitənin ən yaxşısı adına yiyələndi. Bu, medal keyfiyyəti və kəmiyyətinə görə rekord olmasa da, xal sayı baxımından yığma tarixinin ən yaxşı nəticəsini müəyyənləşdirdi. 

Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 6 idmançıyla qitə birinciliyinə yollanan qızlardan ibarət yığma yekunda 1 dəst medal qazandı.

Yunan-Roma güləşində olduğu kimi, qadın güləşində də rekord qeydə alındı. Belə ki, Azərbaycan 66 xalla komanda hesabında Avropa 5-cisi oldu. Buna qədər bu yaş qrupu üzrə qitə birinciliyində zərif cinsin nümayəndələri ən yaxşı halda 62 xal (Faenza-2019) toplamışdı.

Bundan başqa, qadın güləşində millimiz medalların əyarına görə son 7, sayına görə isə son 9 ilin ən yaxşı nəticəsinə imza atıldı.

Nəhayət, yarışın son üç günündə mübarizəyə qoşulan sərbəst güləş seçməsi möhtəşəm çıxışla diqqət mərkəzinə düşdü. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında yarışa qatılan 10 idmançıdan 9-u fəxri kürsüyə qalxdı. 6 qızıl, 1 gümüş və 2 bürünc medalla Avropa çempionatında aşkar dominantlıq edən yığmamız 210 xal toplayaraq komanda hesabında Avropa çempionu oldu. Pəhləvanlarımız 2-ci pillədə qərarlaşan Türkiyəni 74 xal qabaqladı.

Üstəlik, yığma birdən-birə 2 rekordunu yenilədi. “Sərbəstlər” U-17 Avropa çempionatları tarixində medalların əyarına və komanda hesabında toplanan xallara görə ən yaxşı nəticələrinə imza atdılar.

Beləliklə, toplam 9 qızıl, 7 gümüş, 4 bürünc medala sahib çıxan güləşçilərimiz ümumkomanda hesabında ilk dəfə olaraq qitənin ən yaxşısı oldu.

Xatırladaq ki, qitə birinciliyində yunan-Roma güləşçilərindən Fəraim Mustafayevlə (55 kq) Məhəmməd Qasımzadə (60 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Elvin İbadov (45 kq), Vədat Qasımlı (51 kq), Seymur Qasımov (65 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq) isə bürünc medal qazanıb. Yeniyetmə qızlardan qızıl medalı ölkəmizin hesabına Ruzanna Məmmədova (49 kq) yazdırıb. Elvina Kərimzadə (43 kq) ikinci, Aysel Məmmədzadə (46 kq) üçüncü nəticə göstərib. "Sərbəstlər"dən Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ağa Qasımov (60 kq) ikinci, Ağanəzər Novruzovla (71 kq) Şəmistan Axundov (80 kq) isə üçüncü yeri tutub.

Fanat.Az yarışın yekunları barədə Avropa çempionu olan yığmalarımızın böyük məşqçilərinin fikirlərini öyrənib.

Sərbəst güləş millisinin çalışdırıcısı Əsgərxan Novruzov yığmanın gözləniləndən daha artığına nail olduğu qənaətindədir:

"Yarışdan əvvəl uşaqlara demişdim ki, sizin hər biriniz Avropa çempionu olacaq gücdəsiniz. Həqiqətən də on nəfərin hamısı qızıl medala layiq uşaqlar idi. Amma bu, idmandır, xüsusən də yeniyetmələrin psixologiyası fərqli olur. Bu səbəbdən, mən hər ehtimalı nəzərə alıb fikrimdə 5 qızıl medal tutmuşdum. Çoxları düşünə bilər ki, Rusiya olmadığına görə biz bu qədər böyük nəticə qazandıq. Amma deyim ki, bizim aşağı yaş qrupları üzrə yığmalarımız rusların iştirak etdiyi yarışlarda da sözlərini deyiblər. Bu dəfə isə əlbəttə, daha böyük şansımız var idi. Bunu da maksimum səviyyədə dəyərləndirməliydik. 10 qızıl medal da qazanmaq mümkün idi. On çəkininn hamısındakı uşaqların hazırlığı çempion səviyyəsindəydi. Amma bu, idmandır, bütün çəkilərdə "qızıl" alsaq, bunun adı Avropa çempionatı olmazdı. Komandamız istənilən halda bir çox rekordları yenilədi. Məsələn, 6 qızıl medalı U-17 Avropa çempionatında heç bir ölkə qazanmamışdı. Doqquz çəkidə mükafatçılar arasında olmağımız da bir ilk idi. Bircə xal sayında Rusiyanın rekordunu təzələyə bilmədik. Rekordu qırmağa 4 xalımız çatmadı. 92 kiloqramdakı idmançımız üçüncülük görüşündə uduzmasaydı, 5 xal da ordan əlavə olunacaqdı, belədə həmin rekordu da qıracaqdıq. Yeri gəlmişkən, Rəvan Musayev bizim çempionluğa əsas namizədlərimizdən idi. Sadəcə, alınmadı".

Yığma üzvlərinin AÇ-də ermənilərlə görüşlərinə toxunan Novruzov yarış vaxtı yaşanan maraqlı hadisəni də bizimlə bölüşdü:

"Ermənilərlə beş görüşümüz oldu. Hamısında da qalib gəldik. Çoxunda güləşçilərimiz tam üstünlüklə onları məğlub etdi. Qələbələrimizdən üçü Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu günə təsadüf eləmişdi. Həmin gün axşam otelə ermənilərlə eyni avtobusda qayıdırdıq. Bizim uşaqlar "Yaşa, Azərbaycan" mahnısını qoyub oynayırdılar. Ermənilər əvvəlcə gülürdülər, sonra içlərindən biri nə dedisə, başlarını tutdular.

Biz komanda hesabında birinci, türklər ikinci oldu. Mükafatlandırmada bir-birimizə qardaşlıq jestləri etdik. Ümumiyyətlə, bu Avropa birinciliyindən qalan xoş təəssüratlar hamımızın xatirində hələ uzun illər yaşayacaq".

51 yaşlı mütəxəssis müvafiq yaş qrupu üzrə iyulun 25-dən 31-dək İtaliyanın paytaxtı Romada keçiriləcək dünya çempionatında yığmanın qarşıya qoyduğu hədəfi açıqladı:

"Desəm ki, altı qızıl medalı dünya birinciliyindən də gətirəcəyik, düz olmaz. Yalançı çıxaram. Dünya çempionatında İran, ABŞ, Yaponiya, Hindistan kimi ölkələr də olacaq. Güləşçilərdən ən azı bir-iki dəst medal gözləyirik. Komanda hesabında da ilk üç yerdən birinə iddialıyıq".

Məşqçi Avropa çempionu olan heyətdə yalnız bir dəyişikliyin nəzərdə tutulduğunu diqqətə çatdırdı:

"Ən yüngül - 45 kiloqram çəki dərəcəsində çempion olan idmançımızın boyu 1.74-dür. Çəki salması çox çətin, zülmlü olur. Bu səbəbdən böyük ehtimalla dünya çempionatına başqa güləşçini aparacağıq"

Yunan-Roma güləşi üzrə yığmanın böyük məşqçisi Taleh İsrafilov millinin ardıcıl ikinci dəfə komanda hesabında qitə çempionluğu qazanmasını böyük uğur kimi qiymətləndirsə də, "klassiklər"in yeddi finaldan cəmi ikisini aktivinə yazmasının təəssüfünü gizlətmədi:

"Yeniyetmə güləşçilərimiz ötənilki - güclü Rusiya yığmasının da qatıldığı Avropa birinciliyində 4 qızıl medal qazanmışdı. Belədə bu dəfə qızıl medalların daha çox olacağını ehtimal edirdik. Komandanın 7 finaldan 5-ni əldən verməsi hamıdan çox təbii ki, mənə təsir edib. Lakin deyim ki, finallarda məğlubiyyətlərin də ayrılıqda obyektiv və subyektiv səbəbləri vardı. İdmançıların həyatlarının indi elə dövrüdür ki, diqqətləri müxtəlif istiqamətlərə yönəlir. Müxtəlif səbəblərdən yarışa tam konsentrasiya olmaqda çətinlik çəkdilər. Onu da qeyd edim ki, bəzi güləşçilərimiz tam bərabər şəraitdə keçən görüşdə cüzi fərqlə rəqiblərinə məğlub oldular. Ümumi götürəndə, yığmanın nəticəsini - 10 çəki dərəcəsindən 8-də medal əldə olunmasını uğurlu saya bilərik".

45 yaşlı mütəxəssis növbəti ay baş tutacaq dünya birinciliyində komandanın qarşıya qoyduğu məqsədin sadəcə çempionluq olduğunu bildirdi:

"Dünya birinciliyinə aparılacaq heyətdə iki dəyişiklik nəzərdə tutmuşuq. 48 və 65 kiloqram çəki dərəcələrindəki idmançılar çəkisalmada problem yaşadıqlarından onları böyük ehtimalla başqa güləşçilər əvəzləyəcək. Hədəfimiz isə ən azı iki qızıl medal qazanmaq və komanda hesabında dünya çempionu olub yeni tarix yazmaqdır. Yığmamızın dünya birinciliyində indiyədək ən yaxşı nəticəsi ikincilik olub ki, bu da 2019-cu ildəki yarışa təsadüf edib".

Sahib Əsədbəyli 

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 May 2024
20:15

MPL: "Sabah" "Araz-Naxçıvan"a qalib gəlir - YENİLƏNİR 

20:15

İtaliyalı ulduz "Qalatasaray"a dönür

19:40

Almaniyada oynayan futbolçu Almaniyaya gedə bilməyəcək

19:30

"90 dəqiqə rəqibdən üstün oynadıq" - Ayxan Abbasov

18:54

Rəşad Sadıqov Tovuzdakı  qələbəni belə şərh etdi

17:40

Avropa Kuboku: Azərbaycan millisi növbəti medalı qazandı

17:00

"Karyeramla bağlı müəyyən planlarım var" - Qazaxıstan klubundan ayrılan milli üzvü

16:20

İngiltərə nəhəngi türkiyəli ulduzla anlaşdı - SON DURUM 

15:47

"Borussiya Dortmund"un məşqçisi "Beşiktaş"da - Danışıqlar başladı

15:16

“Bakı Marafonu-2024”ün qalibləri bəlli oldu

14:38

"Bunu demək üçün mütəxəssis olmaq lazım deyil" - Aslan Kərimov

13:59

Qvardiola 5:1-i və Holandın pokerini dəyərləndirdi

13:23

Bakıda keçirilən turnirə yekun vurulur

12:52

Tyaqo Silva yeni klubu ilə razılığa gəldi - Detallar 

12:00

"Öz oyunumu necə qiymətləndirə bilərəm? Çox pis” - Rza Cəfərov

11:40

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

11:00

Günün oyunları bu kanallarda - AFİŞA 

10:38

“Bakı Marafonu 2024” marafonu start götürdü

10:00

Messi şou göstərdi - Argentinalı karyerasında ilk dəfə bunu reallaşdırdı

09:26

Avropa Kuboku: Cüdoçularımızdan ilk gündə 10 medal

01:40

"Real" 36-cı çempionluğunu rəsmiləşdirdi

01:25

“Monako”dan darmadağın

01:10

"Sassuolo" yenə "İnter"ə qənim oldu

00:51

"Bayern"dən növbəti məğlubiyyət

00:12

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

04 May 2024
23:50

Şahruddinin komandası səfərdə sevindi

23:00

"Komandamı ən az "Neftçi"yə qarşı motivasiya edirəm" - Qurbanovdan 5:0 şərhi

22:46

“Qarabağ” müdafiəçisi ilə yeni müqavilə bağladı

22:40

"Azarkeşlərdən üzr istəyirəm" - Miodraq Bojoviç

21:21

MPL: Tovuzda qalib olmadı, "Qarabağ" "Neftçi"ni darmadağın etdi

21:00

Daha bir komanda Premyer Liqaya yüksəldi - 22 il sonra

19:22

"Stressin səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi"

18:46

"Müdafiəçilərimiz ən zəif oyunlarından birini keçirdilər" - Samir Abasov

18:40

"Bayern" "Barselona"nın ulduzu ilə güclənir - SON DURUM 

17:56

Voleybol: Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

17:32

Kurtua bu mövsüm ilk dəfə meydana çıxır

17:10

Piolinin yeni klubu bilindi

16:43

Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü

16:22

U-17 "lotoreya"da uduzdu

16:00

"Messi böyük ulduz yox, ulduzcuqdur"

Facebookdan bizi izləməyi unutmayın.
X