Yeniyetmə və gənclərdən ibarət milli komandalarımız 20-22 avqust tarixlərində Finlandiyanın Tampere şəhərində Avropa çempionatında iştirak edəcək.
Fanat.Az xəbər verir ki, milli komandanın heyətində 14-15 yaşlı yeniyetmələrdə 10, 16-17 yaşlı gənclərdə 8, 18-21 yaşadək gənclər arasında isə daha 10 karateçi yer alıb.
İdmançılarımız qitə çempionatına kumite üzrə yeniyetmə və gənclərdən ibarət millinin baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev, Nağı Mehdiyev, Şahin Atamov və Niyazi Əliyevin rəhbərliyi altında qatılacaqlar.
Beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev, Şahin Xudaverdiyev, Vüqar Kərimov və Mais Mədətov yarışların ədalət təmsilçiləri arasında olacaq.. Hakimlərdən dərəcəsini artırmaq üçün M.Mədətov, beynəlxalq kateqoriya almaq üçünsə Vüsal İsrafilov və Seymur Məmmədov Avropa Karate Federasiyasının (EKF) Hakimlər komitəsinə imtahan verəcəklər.
Qeyd edək ki, yeniyetmə və gənclərin 48-ci, 21 yaşadək gənclərin isə 13-cü Avropa çempionatında 45 ölkədən 1008 idmançının mübarizə aparması gözlənilir.
Sahib Əsədbəyli