13:35 12.05.2023 708

Zəmanəmizin qəhrəmanı...

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Müasir dövrdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün ən kütləvi vasitə idmandır. Odur ki, idman aləmini paralimpiya dəyərləri olmadan təsəvvür etmək mümkün deyil. Almaniyalı neyrocərrah Lüdviq Quttman tərəfindən irəli sürülən, 1960-cı ildən bu yana ali səviyyədə əksini tapan paralimpiya maraqları ötən dövr ərzində böyük hərəkata səbəb olub, günümüzdə dünyanın hər bir tərəfindən milyonlarla insanı ətrafına toplamaqdadır. Dəyərlər, Azərbaycanda da yüksək səviyyədə qorunaraq, təbliğ edilir. Minlərlə fiziki məhdudiyyətli şəxs bu imkandan yararlanır, sərhədsiz əzmləri ilə fiziki məhdudiyyətləri aşaraq insanların nümunə, istinad yerinə çevrilir. 

Respublikamızın nümayəndələri cəmi yeddi Yay Paralimpiya oyunlarında iştirak etsələr də, az qala bir əsrlik fəaliyyəti ifadə edən uğurlara imza atıblar. Eyni zamanda, idmançılarımız ayrı-ayrı növlərdə Avropa, dünya, paralimpiya rekordlarına sahibdirlər.

Belə insanlardan biri də Oluxan Musayevdir. 
Qəhrəmanımız paralimpiya çempionu, Dünya Oyunlarının dəfələrlə qalibi, dünya və Avropa çempionudur.

O, 1979-cu ildə Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində anadan olub. İsa və Fatimat Musayevlərin altıncı övladı olan Oluxan 3 yaşında olarkən, ailə Azərbaycana köçmək qərarına gəlir. Musayevlər Balakən rayonunun Katex kəndində məskunlaşırlar. Səkkiz uşaqlı ailənin fiziki məhdudiyyətli övladı olan qəhrəmanımız, burada dərsləri ilə bəzən məktəbdə, bəzən isə evdə məşğul olmaqla, 11 illik tam orta təhsilini başa vurur. Dərslərində göstərdiyi fəallığa, hazırlıq səviyyəsinə görə sinif yoldaşlarından heç nədə geri qalmasa da, onun sadəcə, bir arzusu var idi - böyük idmançı olmaq!

İlk addım

Arzusu onu öncə qol güləşinə gətirir. Oluxan bu növdə sağlam idmançılarla birgə mübarizə aparırdı. İlk baxışda mürəkkəb görünsə də, o, artıq yeniyetmə yaşlarından fiziki məhdudiyyətinin gətirdiyi bütün çətinlikləri aşmışdı. Balakəndən Dağıstana at çapar, əlləri üstündə dağ-düzən gəzər, odun yarar, hətta ailənin maddi ehtiyacını qarşılamaq üçün yük maşınına daş yığardı. Bu amillər, nəticədə, sözünü deyir. Oluxan həm də daha az - cəmi 80 kiloqram çəkisinə rəğmən, 100 və daha artıq kiloqram çəkidə olan rəqibləri ilə başabaş mübarizə aparır. O, qol güləşi ilə məşğul olduğu müddətdə iki dəfə - 2001 və 2003-cü illərdə Azərbaycan çempionu olur.

Yarımçıq pauerliftinq karyerası

Qol güləşində göstərdiyi nəticələr ağır atletika üzrə məşqçi Vaqif Hüseynovun diqqətini çəkir. Hüseynov onu yetirməsi və o vaxtlar Milli Paralimpiya Komitəsinin pauerliftinq üzrə məşqçisi işləyən Vaqif Müsəddiqlə tanış edir. O isə Oluxanı bu idman növü ilə məşğul olmağa dəvət edir. Musayev dəvəti qəbul edərək yeni, daha perspektivli yola çıxır. Bir müddət Bakıda məşq keçdikdən sonra ona nəticəsini bir qədər artırmalı olduğu, yalnız 200 kiloqram həddini keçdikdən sonra yığma komandaya düşə biləcəyi bildirilir. Oluxan doğma kəndinə dönür, məşqlərini təkbaşına keçir. Uzunmüddətli gərgin məşqlərdən sonra nəticəsini 115 kiloqramdan 225-ə qaldırır. Beləliklə də komandaya cəlb olunur. Getdikcə nəticə daha da yaxşılaşır. Yekunda Malayziyanın paytaxtı Kuala-Lumpurda təşkil olunan Dünya Oyunları üçün yığma komandanın heyətinə cəlb olunur. İş elə gətirir ki, turnir bu idman növündə onun son yarışı olur. Belə ki, yarışdan sonra hakimlər sol qolunun tam açılmadığını əsas gətirərək, növbəti turnirlərdə onun iştirakının məqbul olmadığını bildirirlər. Nəticədə Pekin Paralimpiya Oyunlarına iki ildən də az qalarkən, Oluxan bu idman növü ilə vidalaşmalı olur.

Qaranlıq gecənin aydın sabahı

Vəziyyət gözlənilənin əksinə cərəyan edir. Bu, Oluxanın idman karyerası üçün yeni, daha parlaq işığa vəsilə olur. Belə bir unikal insanı, fitri istedadı itirmək günah olardı. Bunu hamıdan yaxşı Vaqif Müsəddiq anlayırdı. Elə onun təşəbbüsü ilə idmançı yeni növə - nüvə itələməyə yönəldilir. Oluxan Paralimpiya Oyunlarına lisenziyaların müəyyənləşməyə başladığı bu dövrdə qarşısına ən böyük hədəfi qoyur. Bu yolda isə ilk dayanacaq Tayvanın paytaxtı Taypey şəhərində keçirilən Dünya Oyunları olur.

Bir neçə aylıq hazırlığın nəticəsi: 11.08 metr göstərici ilə debütdəcə çempionluq və Paralimpiya Oyunlarına lisenziya!

Paralimpiya zirvəsi!

Cəmi iki il bu növlə məşğul olan Oluxan, təcrübəli rəqiblərini böyük fərqlə geridə qoyaraq adını Pekin qəhrəmanları sırasına yazdırır. Göstərdiyi 13.49 metr nəticə isə dünya rekordu olaraq tarixə düşür. Sözügedən göstərici əvvəlki - Polşa idmançısı Kristof Smorşevskiyə məxsus 11.60 metrlik rekordu böyük fərqlə geridə qoyurdu ki, bu da digər idmançıları qayğılandırırdı. Hətta fəxri kürsünün ikinci pilləsində yer alan sabiq dünya rekordçusu ona belə bir etiraf edir: "Sən elə bir səviyyədəsən ki, artıq bizim birinci olmağımız mümkünsüzdü".
Vətənə döndükdən sonra Oluxan Musayev dövlət başçısı İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunur.
Paralimpiya zirvəsi 29 yaşlı idmançının həyatında dönüş nöqtəsi olur.

Haqqını halal edən məşqçi

Gözlənildiyi kimi, uğurların arası kəsilmir, müxtəlif miqyaslı beynəlxalq turnirlərdə çempionluqlar qazanılır. Musayev 2009 və 2011-ci illərdə də Dünya Oyunlarında nüvə itələmə üzrə ən güclü olur.
Bəhs olunan illər haqqında Vaqif Müsəddiq danışır: "Bir gün Vaqif Hüseynov mənə zəng edib, belə bir güclü idmançının olduğunu dedi. Dedim, gətirin, yoxlayaq. Elə ilk görüşdə onun fiziki göstəriciləri mənim diqqətimi çəkdi. Məşqlərə yazdırdım. Bir müddət burda qaldı, sonra proqram yazdım, rayonda davam elədi. Çox keçmədi ki, qarşıya qoyulan hədəfə çatdı. 2006-cı ilin sonlarında Dünya Oyunlarına apardım. Orada məlum oldu ki, bu növ onun üçün uyğun deyil. Çox pis olmuşduq. Bu qədər əziyyət hədər getməməli idi. Dilxor halda o baş-bu başa gəzirdik ki, qarşıma Özbəkistan komandasının yüngül atletika üzrə məşqçisi çıxdı. Vəziyyəti ona nəql elədim. O, mənə məsləhət gördü ki, Oluxanı nüvə itələməyə yönləndirim. Dedi ki, qolları da uzundur, tezliklə uyğunlaşacaq. Bakıya gəldik, Oluxanı bir müddətlik rayona göndərib, yüngül atletika üzrə məşqçi Baba Zeynalovla görüşdüm, onunla məşğul olmasını xahiş elədim. Dedim ki, məsuliyyətini öz boynuma götürürəm. Təklifimi qəbul etdi. Texniki hazırlığı üzərində o işlədi, fiziki hazırlığı ilə mən məşğul oldum. Hazırlıqdan heç altı ay keçmədi ki, Dünya Oyunlarında iştirak elədi və qalib oldu. Bu nəticə ona Paralimpiya Oyunlarının qapısını açdı. Altı ay məşğul olmaqla Paralimpiya Oyunlarına lisenziya qazanmaq çox nadir haldır. Biz onun Pekində də çempion olacağına inanırdıq. Elə də oldu. Özü də tarixi nəticə ilə.
Üzərində əziyyətim çox olub. Ancaq mən ona bütün haqqımı halal edirəm. İdmançı kimi böyüklüyü bir yana, bir insan kimi də gözəl insandır. Qədirbilən, diqqətcil, ədalətlidir. Onun kimi yetirməm olduğu üçün fəxr edirəm".

Rekordun gətirdiyi başağrısı

Pekin çempionluğu üçün göstərdiyi rekord nəticə, Oluxana başağrısı olur. Aşkar fərqdən narahat olan ali paralimpiya qurumunun funksionerləri yarış qaydalarında dəyişiklik etmək qərarına gəlirlər. Belə ki, bunadək əlillik dərəcəsinə görə üç kateqoriya müəyyənləşdirilmişdi ki, bunların da hər birinin atış məsafəsinə görə xal hesablanma qaydası fərqli idi. Kateqoriyalar müvafiq ardıcıllıqla F54, F55, F56 olaraq adlandırılırdı. Məsələn, əvvəlki kateqoriyalar 1000 xalı 8 və 9 metr məsafəyə atışla qazanırdısa, Oluxanın kateqoriyasında yer alan idmançılar üçün bu, 11 metr olaraq qəbul edilmişdi. İdmançımızın parlaq nəticələrindən sonra həmin kateqoriyanın xal hesablama sistemi daha yüksək, əvvəlki fərqdən ikiqat artıq rəqəmlə müəyyənləşdi, digərləri isə olduğu kimi saxlanıldı. Nəticədə F56 kateqoriyasında mübarizə aparan idmançıların sırası yavaş-yavaş seyrəldi. 2012-ci ildə Londonda keçirilən yarışlardan sonra isə böyük etirazlar baş qaldırdı. İş o yerə çatdı ki, Oluxan bu kateqoriyada tək qaldı. Bu minvalla nüvə itələmə növü Paralimpiya proqramından çıxarıldı.

Vətəndə ilk beynəlxalq qalibiyyət

2017-ci ildə ölkəmiz daha bir kütləvi idman yarışına ev sahibliyi etdi. Tarixdə dördüncü dəfə keçirilən İslam Həmrəyliyi Oyunlarının özəlliyi onda idi ki, ilk dəfə paratletika proqrama salınmışdı. Yarışda müsəlman ölkələrinin yüzlərlə paralimpiyaçısı qələbə uğrunda mübarizə apardı. Bu, ən çox da Azərbaycan paralimpiyaçıları adına sevindirici, qürurverici hal idi. Fiziki məhdudiyyətli atletlərimiz ilk dəfə olaraq doğma divarlar arasında mötəbər beynəlxalq yarışda qüvvəsini sınayırdı. Bu da Azərbaycan dövlətinin paralimpiya hərəkatına verdiyi qiymətin nümunəsi idi.
Şübhəsiz ki, əsas medal ümidlərimizdən biri Oluxan hesab olunurdu. O da etimadı layiqincə doğruldur. Nüvə itələmədə qızıl, lövhə atmada isə bürünc medal qazandı.

O, əzmkar, son dərəcə iradəli, kamil insan, sadəcə maksimumu hədəfləyən, bunun üçün usanmadan, yorulmadan çalışan vətənpərvər idmançıdır. 

Diz qapağı olmadan dünyaya gəlib, ayaqları inkişafını tamamlamayıb. Müxtəlif ölkələrdə həkim qəbulunda olsa da, fiziki əngəlinə çarə tapılmayıb. O, ömürlük yerimə qabiliyyətindən məhrumdur. Lakin bu, onun həyata sıx bağlanmasına əngəl deyil. Onun adı ilə bağlı olan bütün bu faktlar fiziki məhdudiyyətli insanlar üçün əsl motivasiya mənbəyi, övladının fiziki məhdudiyyətlə doğulmasını faciəyə çevirən valideynlər üçün isə parlaq nümunədir.

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 Sentyabr 2024
11:33

Kenan Yıldız 1 qol vurdu, 3 rekord qırdı

11:15

"Roma" rəhbərliyi De Rossini istefaya göndərdi - RƏSMİ

10:57

Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Bakıya gəldi

10:34

Keyn tarixə düşdü - ÇL-də bunu ondan başqa heç kim bacarmayıb

10:11

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Qazaxıstana qarşı

09:49

ÇL: "Mançester Siti" "İnter"ə qarşı - YENİLƏNİR

09:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

"Qarabağ"ın rəqibi İtaliya nəhənginin oyunçusu ilə gücləndi

08:40

Amil Yunanovun yeni klubu bilindi - Ölkə xaricində çıxış edəcək

01:25

İspaniya La Liqası: "Real Sosyedad" səfərdən xalsız döndü

01:02

ÇL: "Milan" "Liverpul"a uduzdu, "Real" və "Yuventus"dan inamlı qələbə

00:13

“Qalatasaray”dan inamlı qələbə

17 Sentyabr 2024
22:50

"Mançester Siti" ispan ulduzla bağlı qərarını verdi

22:04

Renat Dadaşovun yeni baş məşqçisi bilindi

21:57

Endi Keroll 4-cü divizion klubu ilə müqavilə bağlayacaq

21:04

NTD-dən daha iki transfer

20:13

"Barselona" mənə qarşı kampaniya aparır" - Xavi dözmədi

19:22

"Çelsi" Mudriki satmağa qərar verdi

18:38

Frenk Lempardla Qrem Potter bu klubu çalışdırmaq üçün rəqabət aparırlar - SON DURUM

18:08

"O, gələcəkdə "Bayern Münhen"in kapitanı olmalıdır"

17:51

Cənubi Koreya polisi Cessi Linqardla bağlı araşdırmalara başladı

17:33

Devis dünyasını dəyişdi

17:16

"Onun təbəssümünü gördüyüm üçün şadam" - "Liverpul"un qapıçısı

16:58

Ahmedhociçi Bosniya və Heseqovina millisindən ömürlük uzaqlaşdırdılar - SƏBƏB

16:40

"Barselona" yeni yaşıl formasını təqdim etdi - FOTO

16:22

"Liverpul" MY-nin yetirməsini transfer edir - SON DURUM

16:04

"Sabah"a uduzsaydıq..." - Şəhriyar "Araz-Naxçıvan"la oyundan nə gözləyir?

15:46

"Araz-Naxçıvan" I Liqa klubunun oyunçusunu heyətinə cəlb etdi

15:28

"Milan"a keçəndən bəri belə oyunlarla bağlı xəyallar qurmuşam" - Alvaro Morata

15:10

Mahir Emreli üçün şans - "Nürnberq" hücumçusunu itirdi

14:53

"Bu, əlavə çətinlik yaradır" - "Sabah"ın kapitanı

14:35

Donnarumma zədələndi - PSJ ÇL-də rus qapıçını oynada bilər

14:16

"Zirə"yə xəbərdarlıq edildi

13:59

MY-nin sabiq forvardı bu kluba keçir - Ən ödənişli oyunçu olacaq

13:41

"Abramoviç oynayacağımı desə də, ona inanmadım"

13:23

AFFA "Araz-Naxçıvan", "Sumqayıt" və "Şamaxı"nı cəzalandırdı

13:05

Super Liqa klubu ukraynalı yarımmüdafiəçinin transferini elan etdi

12:48

Ançelotti üsyan etdi: "Böyük problemlərimiz olacaq"

12:30

Millimizin üzvləri əməliyyat olundular

12:13

Almaniya klubunun futbolçusunun ayağı amputasiya edildi

Facebookdan bizi izləməyi unutmayın.
X