Azərbaycanın FIFA referisi Əliyar Ağayev 2022-ci il dünya çempionatının seçmə mərhələsinin Danimarka və Moldova yığmaları arasındakı oyununu idarə edib.
Fanat.Az-ın məlumatına görə, Herninq şəhərindəki "MCH Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 8:0.
Danimarka millisi ilk qolu 19-cu dəqiqədə penaltidən vurub. Kasper Dolberq 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. O, ikinci hissənin əvvəlində - 48-ci dəqiqədə də fərqlənməyi bacarıb.
Eyni zamanda Mikkel Damsqol 22 və 29-cu dəqiqələrdə topu rəqin qapısından keçirərək dubl edib. Qalan qollara Yens Striger Larsen 35-ci, Matias Yensen 39-cu, Robert Skov 81-ci, Markus İnqvartsen 89-cu dəqiqədə imza atıb.
Bu nəticədən sonra Danimarka millisi D qrupunda 6 xalla vahid liderə çevrilib. Tarixinin ən ağır məğlubiyyətini alan Moldova isə 1 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Moldova yığmasının baş məşqçisi daha öncə "Neftçi"yə rəhbərlik etmiş Roberto Bordin, qapıçısı isə "Keşlə"dən dəvət almış Stanislav Namaşkodur.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol