Həftəsonu Türkiyədə çimərlik güləşi üzrə mövsümə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, Muğla bölgəsinin Sarıgerme qəsəbəsində Dünya Seriyasının final mərhələsi keçiriləcək.
Bu yarış bitdikdən sonra seriyanın il ərzində baş tutan 5 mərhələsində toplanan xallar hesablanacaq və hər çəkidə ümumilikdə ən çox xal yığan güləşçi dünya çempionu olacaq.
Məsul yarışda ölkəmizi Ramiz Həsənov (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcək.
Sabah qrup mərhələsinin ilk 2 turunun görüşləri keçiriləcək. Bazar günü isə əvvəlcə qrup mərhələsinin son turunun qarşılaşmaları, daha sonra 1/4 final və yarımfinal baş tutacaq. Günün sonunda isə medallar uğrunda qarşılaşmalar keçiriləcək.