
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor”un baş məşqçisi Ərtuğrul Sağlam cəzalandırılacaq.
Fanat.Az xəbər verir ki, Sağlam Türkiyənin I Liqasının XIX turu çərçivəsində keçirilən matçdan - “Eyüpspor”la oyundan (2:1) sonrakı davranışına görə diskvalifikasiya ediləcək.
Belə ki, o, sözügedən qarşılaşmanın ardından baş tutan ənənəvi mətbuat konfransında hakimlər briqadasının ünvanına xoşagəlməz ifadələr işlədib. Həmin görüşdə təhqiramiz ifadələr işlədən “Eyüpspor”un baş məşqçisi Arda Turan da cəzadan qurtula bilməyəcək. İndilik 54 yaşlı Sağlamla həmkarına veriləcək cəzanın müddəti açıqlanmayıb.
Qeyd edək ki, “Kocaelispor” yanvarın 28-də səfərdə “Altay”la üz-üzə gələcək.