
Saat 4-də oyandım... Su içməmiş "Çelsi"ni yaxasından tutub silkələməyimiz ilk xatırladığım şey oldu. Əlbəttə, yuxu deyil, "Qarabağ" 2:2 hesablı heç-heçəyə nail olub. "Zadəganlar" hardasa, belə müqavimətə hazır deyildilər. Qurban Qurbanov taktikada belə desəm, sürüdü həmkarını. Məncə, bilirdi ki, müdafiənin mərkəzində basqıya salacaqları zəiffason bir bənd var. O nə yüklənmə idi mərkəz müdafiəçisinə... Xocaya 10 üzərindən 10 düşür. Hə, yəqin ki, Mareska bizdən 3-cü zonada bu şəkilə pressinq gözləmirdi. Heç ara-sıra top gəzdirib 5-6 pasla sıxacağımızı da. "Köhlənlər"in çalışdırıcısı nəinki bu süprizi etdi, həm də bir müdafiəçiyə - Hatoya əla yüklənib boşluğu inanılmaz dəyərləndirdik. Həmin futbolçunu bir epizodda Kamilo Duran "baqqala göndərdi", Andrade qol vurdu. O biri epizodda da əllə oynayaraq Yankoviçə penaltini ustalıqla yerinə yetirmək imkanı verdi.
Başda Leandro olmaqla (mənimki bu dəli vingerdi), hamısı canavardı. Dözümlü, dişli, təcrübəli canavar. O canavar ki, özündən 40 dəfə böyük bizonların buynuzunu qıra, canından tikə qopara bilir. Dəyərli maestro - Marko Yankoviç, buraxılan ilk qolda yaxın küncü bağlamayan Koxalski, Elvin Cəfərquliyev, Nəriman, Bəhlul, Medina, Silva, Toral, Zubir, Kadi, Addai (adamı çox əsəbləşdirsə də), Kaşuk (ehtiyat qüvvə kimi basqılıdı) və digərləri azərbaycanlılar üçün əfsanə, digərləri üçün ÇL-də şou göstərən "Qarabağ"ın tanınan oyunçularıdı. Bir də hiss etdim ki, yarım saatdı dalmışam. Qollara yenidən 2 dəfə baxıb postu yazdım. Çimdiyə ehtiyac yoxdu. 7 xal da reallıqdı, 2:2 də. Sabahın xeyir, Avropa futbolu, oyan, bizdən danış. "The Times" başlıq qoysun, "Four Four TWO" incələsin... Biz də erkən oyanaq, təmsilçimizin haqq etdiyi cümlələri oxuyaq... Birimiz gürcü dostlarımızdan təbrik eşidib qürurlanaq, o birimiz türkiyəli qardaşlardan. Ruslar da "nu koneçno je "Karabax" molodets. Prosto krasavçiki" desinlər. Həzz almağa davam. Bu bir ÇL macərasıdır.
Nihat Ağasoy