
UEFA Çempionlar Liqasının əsas mərhələsində adından söz etdirən "Qarabağ"ın futbolçularının adlı-sanlı klubların transfer siyahısına düşməsi təbii qarşılanmalıdır. "Köhlənlər"in belə oyunçularından biri də braziliyalı sağ cinah müdafiəçisi Mateus Silvadır. Qurban Qurbanovun rəhbərliyi altında "artıran" və yeni səviyyəyə çatan cənubi amerikalının "Flamenqo"ya satılmağa yaxın olduğu barədə məlumatlar səngimir. Məsələ ilə bağlı Ağdam təmsilçisinin baş direktoru Əmrah Çəlikəlin fikirlərini öyrəndik.
Klub rəsmisinin Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ"ın futbolçularının adlarının başqa klublarla yanaşı çəkilməsi normal haldır. Mateusun "Flamenqo"ya keçəcəyi ilə bağlı yayılan məlumatlara gəlincə, açığı, mən bunu indi eşidirəm. Bəlkə də hansısa menecerlərin işidir. Amma Mateusun "Qarabağ"la müqaviləsi var. Həm də bizə "Flamenqo"dan hər hansı təklif və ya müraciət gəlməyib".
Azərbaycan çempionu Çempionlar Liqasında növbəti oyununu dekabrın 10-da "Ayaks"a qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın start fiti 21:45-də səsləndiriləcək.
Xatırladaq ki, "Qarabağ" daha öncə digər braziliyalını - hücumçu Juninyonu məhz "Flamenqo"ya satıb.
Nihat