
"Neftçi" dekabrın 9-14-ü aralığında Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq turnirə dəvət alıb. Söhbət aşağı yaşlılar arasında yarışdan gedir.
Bu barədə Fanat.Az-a "Neftçi" Futbol Akademiyasının aşağı yaşlılar üzrə koordinatoru İslam Kərimov məlumat verib.
Elnur İmamquliyevin baş məşqçisi olduğu U-12 komandasına rəhbər kimi təhkim olunan Kərimov turnirlə bağlı detalları açıqlayıb:

"Səkkiz komandanın mübarizə aparacağı turnirə dəvət almışıq. Yerli "Spartak", "Dinamo Moskva", "Lokomotiv", ÇSKA, "Yuri Syomin adına Akademiya" və "Çertanovo"dan başqa, "Dinamo Minsk" və "Neftçi" birgə yarışacaq. İlk dəfə təşkil olunan, ancaq ənənəvi keçirilməsi planlaşdırılan yarışa Elnur İmamquliyevin baş məşqçisi olduğu U-12 komandamız yollanacaq. Rəhbər kimi mən də gedirəm. Turnirə komandalardan başqa, bir sıra tanınmış şəxs də dəvətlidir. Rusiyadakı səfirimiz Rəhman Mustafayev, həmçinin, "Spartak"ın nümayəndə heyətinə başçılıq edəcək Renat Dasayev, "Lokomotiv"dən Sergey Ovçinnikov, "Dinamo Moskva"dan keçmiş bakılı Yuri Kuznetsovun oğlu Konstantin, həmçinin, "Neftçi"nin keçmiş qapıçısı Dmitri Kramarenko və adına fəaliyyət göstərən akademiyanın rəhbəri, vaxtilə ölkəmizdə çalışmış Yuri Syomin fəxri qonaqlar arasında olacaqlar.
Komandamız İzmayılovskidəki "Veqa" otelində məskunlaşacaq. Turnir dekabrın 14-nə qədər davam edəcək".

Mirağa