
Azərbaycan futbolunda gənc istedadların Avropaya inteqrasiyası istiqamətində növbəti mühüm addım atılıb.
Fanat.Az "LA Football Consulting" agentliyinin rəsmi sosial şəbəkə hesabına istinadən xəbər verir ki, "Qəbələ" klubunun perspektivli gənc futbolçusu Şahin Şahniyarov sözügedən beynəlxalq şirkətlə rəsmi müqavilə imzalayıb.
Şirkət rəhbərliyi azərbaycanlı gəncin transferini "Bizimlə bərabər Azərbaycandan növbəti böyük istedad!" başlığı ilə ictimaiyyətə elan edib.
Qeyd edək ki, bu menecerlik şirkəti ölkəmizdən olan gənclərlə ilk dəfə əməkdaşlıq etmir. Belə ki, daha əvvəl eyni qurumla müqavilə imzalayan Murad Məmmədov məhz bu agentliyin vasitəçiliyi və dəstəyi sayəsində Kiprin köklü klublarından olan "Pafos"a keçid etməyə hazırlaşır. Eyni zamanda, digər perspektivli oyunçumuz Xəyal Əliyev də analoji addımı ataraq karyerasını Avropada davam etdirmək şansı qazanıb.
"Qəbələ"nin aşağı yaş qruplarında və akademiyasında nümayiş etdirdiyi stabil, məhsuldar oyunla skautların diqqətini çəkən Şahin Şahniyarovun da yaxın transfer pəncərəsində xarici klublardan birinə yollanacağı gözlənilir.
Kamil Xudiyev