
Yunanıstan milli komandasının və bir sıra tanınmış Avropa klublarının keçmiş müdafiəçisi Marios Oikonomou 33 yaşında vəfat edib.
Fanat.Az xəbər verir ki, informasiyanı İtaliyanın nüfuzlu "La Gazzetta dello Sport" nəşri yayıb.
Mənbənin məlumatına görə, futbolçunun ürəyi doğma şəhəri Yanninadakı xəstəxanada dayanıb. Ölüm səbəbinə gəlincə, o, 23 mayda dəhşətli yol qəzasına düşmüşdü. 10 gün həyatla ölüm arasında qalan futbolçunu xilas etmək mümkün olmayıb.
Oikonomou skuterində olarkən onu avtomobil vurub. Qəza nəticəsində o, ağır baş xəsarətləri alıb. O, dərhal Yannina Universitet Xəstəxanasına aparılaraq əməliyyat olunsa da, həkimlərin səyləri boşa çıxıb.
Marios Oikonomou butslarını 2024-cü ildə "Panaitolikos"da asıb. Karyerasının ən parlaq mərhələsi Apennin yarımadasında baş tutub və burada "Kalyari", "Bari", SPAL və "Sampdoriya" klublarının şərəfini qoruyub.
Yunan futbolçu ən yaxşı futbol illərini "Bolonya"nın üzvü kimi keçirib (2014-cü ildən 2017-ci ilə qədər) və onunla birlikdə A Seriyasına yüksəlməyi bacarıb. O, AEK (Afina) və "Kopenhagen"də (Danimarka) oynayıb və 2022-ci ildə Danimarka çempionatının qızıl medallarını qazanıb.
Müdafiəçi həmçinin Yunanıstan milli komandasında 6 rəsmi oyun keçirib.