
Xəbər verdiyimiz kimi, Xorvatiya Futbol Federasiyası azarkeşlərinin rasist hərəkətlərinə görə Bakıya azarkeş gətirməkdən imtina etdiyini və fanatlarına Azərbaycanla oyuna bilet satmayacağını rəsmən açıqlayıb.
Belədə sual doğur: oyunun keçiriləcəyi "Bakcell Arena"nın xorvatlara veriləcək həmin sektoruna azərbaycanlı azarkeşlər buraxılacaq? Yəni, həmin sektora AFFA-nın bizim azarkeşlərə bilet satmasına icazə veriləcək?
Qaynar.info bu suala cavab tapmaq üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun fikirlərini öyrənib.
Mikayıl bəy AFFA-nın aidiyyatı şöbəsi ilə əlaqə saxladıqdan sonra sualımıza belə cavab verib: "Xorvatiya Futbol Federasiyası artıq bizə azarkeşlərini gətirməyəcəyi ilə bağlı məktub göndərib. Qonaq azarkeşlər üçün adətən künc sektor nəzərdə tutulur. Ancaq bu hələ o demək deyil ki, həmin sektor boş qalacaq. Çünki bizə azarkeş gətirilməyəcəyi bildirilib, yerli federasiyanın rəsmiləri isə gələcək. Ola bilsin ki, həmin rəsmilər orda yerləşdiriləcək. Hazırda qarşı tərəflə yazışmalarımız davam edir".
AFFA rəsmisinin sözlərindən belə başa düşülür ki, hələ qarşı tərəflə danışıqlar gedir. Əgər Xorvatiya tərəfi danışıqların nəticəsindən asılı olaraq razılıq verərsə, həmin sektora bilet satışını da AFFA təşkil edəcək. Əks halda həmin sektorda qarşı federasiyanın rəsmiləri əyləşib oyunu izləyəcəklər.
Qeyd edək ki, Azərbaycan - Xorvatiya oyunu sentyabrın 3-də keçiriləcək. "Bakcell Arena"da keçiriləcək görüş saat 21:00-da başlayacaq.
Fanat.az