
Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"Calciomercato" nəşri: "Tottenhem" "Fiorentina"nın hücumçusu Duşan Vlahoviç üçün mübarizədə "Yuventus"a rəqib olub.
Serbiyalı hücumçu Avropa futbolunun ən çox tələb olunan istedadlarından birinə çevrilib. Onun 2022-ci ildə yüksək məbləğə satılacağı proqnozlaşdırılır.
"ABC" saytı: “Nyukasl” "Real Madrid"in yarımmüdafiəçisi Eden Hazarı (Eden Hazard) qış "transfer pəncərəsi"ndə transfer etmək niyyətindədir.
"Çelsi" də daxil olmaqla Hazarı bir neçə Premyer Liqa klubu heyətində görmək istəyir.
"Real Madrid" belçikalı futbolçunu satmağa hazırdır.
"COPE" idman portalı: "Barselona" Serxio Aqueronun (Sergio Aguero) səhhətində olan problemə görə hücumçu axtarışına çıxıb. Komanda "Mançester Siti"nin hücumçusu Rəhim Sterlinqin (Raheem Sterling) qış "transfer pəncərəsi"ndə "Barselona"ya gələcəyinə arxayındır.
"Transfers24hr" portalı: "Zenit", "Milan", "Bayer 04" və "City Football Group"un adı açıqlanmayan klubu ("Mançester Siti" və ya "Nyu York Siti") "Bazel"in hücumçusu Artur Kabralla (Arthur Cabral) maraqlanır.
Braziliyalı futbolçu bu mövsüm "Qarabağ"ın UEFA KL-dəki rəqibinin heyətində 22 oyun keçirib və 23 qol vurub.
"SPORT" saytı: "Barselona"da əsas heyətə düşməkdə çətinlik çəkən Samuel Yumtitini (Samuel Umtiti) icarəyə götürmək üçün klubuna bir neçə təklif gəlib.
"Sport1" idman saytı: “Tottenhem” və “Nyukasl” "RB Salzburq"un alman futbolçusu Kərim Adeyemi ilə bağlı kluba sorğu göndərib. Son zamanlar bir çox klub 19 yaşlı oyunçunu hədəfə alıb.
Emin Şəmsiyev