Qadın güləşi üzrə Azərbaycan millisinin üzvü Mariya Stadnik Ukraynanın Lvov şəhərindəki liseylərdən birində üçüncü sinif şagirdləri ilə görüşüb.
Fanat.Az xəbər verir ki, dördqat Olimpiya mükafatçısı məktəblilərlə uğurunun sirlərini bölüşüb. O, çıxışında həyatda inadkar olmağın əhəmiyyətini vurğulayıb.
Görüş zamanı şagirdlər Stadnikin Olimpiya medallarını və dünya çempionluğu kəmərini baxışdan keçiriblər. Həmçinin titullu güləşçi məktəblilərə sadə fəndləri praktik qaydada göstərib.
Xatırladaq ki, əslən Lvov şəhərindən olan Mariya Stadnik Azərbaycan yığmasında 2007-ci ildən çıxış edir. O, 2009 və 2019-cu illərdə dünya çempionatlarında, Bakı-2015 və Minsk-2019 Avropa Oyunlarında, 2008, 2009, 2011, 2014, 2016, 2017, 2018 və 2021-ci il Avropa çempionatlarında qızıl, London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında gümüş, Pekin-2008 və Tokio-2020-də isə bürünc medal qazanıb. Stadnik bu yaxınlarda verdiyi açıqlamada 2024-cü il Paris Yay Olimpiya Oyunlarında da çıxış etmək istədiyini bildirib.