Mərakeşin paytaxtı Rabatda Karate1 Premyer Liqa seriyasının 3-cü mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, yarışdakı 3 təmsilçimizdən ikisi ötən gün mübarizəyə başlayıb.
Yarımfinalda məğlub olan Əminağa Quliyev (-60 kq) bürünc medal uğrunda görüşə qatılacaq. Onun rəqibi 1/4 finalda yerli idmançıya məğlub olan digər karateçimiz Sultan Hüseynov olacaq.
Bu gün daha bir idmançımız - qadınların 68 kiloqram çəki dərəcəsində yer alan ikiqat dünya və Avropa çempionu İrina Zaretska mübarizəyə qoşulacaq.
Medal görüşləri mayın 15-də keçiriləcək.
Qeyd edək ki, turnirdə 48 ölkədən 238 idmançı iştirak edir.