Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində yer alan idmançı finalın bir addımlığında ABŞ güləşçisi, ikiqat dünya çempionu Ceyden Koks ilə üz-üzə gəlib.
Görüş rəqibin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Nurmaqomedov sabah bürünc medal uğrunda güləşəcək.
*** 17:14
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Maksvell Lemara (Kosta Rika) 10:0, ardınca türkiyəli son Avropa çempionu Feyzullah Aktürkə 11:0 hesabıyla qalib gəlib. Finalın bir addımlığında rəqib ABŞ güləşçisi, ikiqat dünya çempionu Ceyden Koks olacaq.
Digər təmsilçilərimizdən Əliabbas Rzazadə (57 kq) təsnifatda Kim Sonqvonu (Cənubi Koreya) yensə də, sonrakı dueldə çinli Vanhao Jouya uduzub.
74 kq çəki dərəcəsində yer alan Turan Bayramov 1/16 finalda Miroslav Kirovu (Bolqarıstan) 5:0, ardınca kanadalı Jasmit Fulkaya 9:0 qalib gəlib. Lakin 1/4 finalda iranlı Yunis Əliəkbər Bayramov üçün keçilməz olub.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, ilk gündə mübarizəyə qoşulan 4 təmsilçimizin hamısı mübarizəni əliboş başa vurub. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub. Qadın güləşçilərimiz isə medal qazana bilməyib.
Dünya çempionatına sentyabrın 18-də yekun vurulacaq.