15:57 03.02.2022 812

Azərbaycanda uşaq şahmatı - Gələcəyimiz nə vəd edir?

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

"Azərbaycan ...şahmat ölkəsidir". Ölkəmizdə fəaliyyət göstərən bəzi əcnəbi futbol mütəxəssisləri istər yerli, istərsə də öz vətənlərinin mətbuatına verdikləri müsahibələrdə güləşlə yanaşı, zaman-zaman şahmatın da adını hallandırıblar. Bu, daha çox onların çalışdıqları idman növündəki uğursuzluğa bəhanə xarakteri daşısa da, qınamaq, razılaşmamaq da olmur. Bəli, Azərbaycan həm də şahmatçılar ölkəsidir. Ölkəmiz dünya şahmatına Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və mərhum Vüqar Həşimov kimi böyük adlar bəxş edib. Komanda şəklində üç dəfə Avropa çempionatının qalibi adını qazanmışıq.

Azərbaycanda şahmata dövlət səviyyəsində qayğı hələ SSRİ zamanından göstərilib. Heydər Əliyev Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi çalışdığı illərdə ölkədə şahmat məktəblərinin açılması, Şahmat Federasiyasına lazımi dəstək verilməsi üçün əlindən gələni əsirgəməmişdi. Bu yol müasir dövrdə layiqincə davam etdirilir. Prezident İlham Əliyev digər növlər kimi şahmatı da diqqətdən kənarda qoymur, beynəlxalq turnirlərdə yüksək nəticələrə imza atan zəka ustalarımızı mütəmadi qəbul edir. Ölkədə şahmata yüksək diqqətin nəticəsi kimi 2007-ci ildə Prezident "Azərbaycanda şahmatın inkişaf etdirilməsi" Dövlət Proqramının hazırlanması haqqında sərəncam imzalamışdı. 

2009-2014-cü illəri əhatə edən Dövlət Proqramının əsas məqsədi şahmat və onun infrastrukturlarının inkişafı, dünya səviyyəli şahmatçı, məşqçi və hakimlərinin hazırlanmasını təmin etmək idi. Şahmatın inkişafına nail olmaq üçün ümumtəhsil məktəblərində onun fənn kimi tədrisi, Azərbaycan dilində müvafiq dərs proqramı, metodik vəsait və tövsiyələrin hazırlanması, şagird və tələbələr arasında çempionatların təşkili, mütəxəssislərin təlimat üzrə sistemlərin təkmilləşdirilməsi nəzərdə tutulurdu. Dövlət Proqramı həyata keçirilməsindən gözləntilər Azərbaycanda təhsil müəssisələrində şahmatla məşğul olan uşaq və gənclərin çoxalması, beynəlxalq miqyasda vətənimizi təmsil edəcək peşəkar şahmatçıların sayının artması idi. Proqramın maliyyə təminatı qismində dövlət büdcəsindən ayrılmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr göstərilirdi. Dövlət Proqramı 5 istiqamət üzrə tərtib edilmiş Tədbirlər Planı vasitəsilə həyata keçirilməli idi. Azərbaycan şahmatın inkişafı üzrə dövlət proqramı qəbul edən ilk ölkə kimi tanınsa da, onun icrası natamam və səthi oldu.

Dərsliklərin hazırlanması gecikdiyindən, yalnız 2013-cü ildə təxminən 31 min nüsxədə “Şahmat” dərsliyi çap olunmuş, 2013/14 tədris ilində 64 rayon və şəhərdən 133 məktəbdə pilot layihə kimi həftədə 1 saat olmaqla şahmat dərsləri keçirilmişdi. Dərslərin keyfiyyəti isə heç də ürəkaçan deyildi. Məktəblərin bəzilərində şahmat dərsləri ümumiyyətlə keçirilmirdisə, əksəriyyətində müəllimlərin dərin şahmat biliklərinə sahib olmamaları şagirdlərin inkişafını əngəlləyirdi. Ümumtəhsil mərkəzlərində şahmatın tədris və inkişafına nəzarət mexanizmi yaradılmadığından, irəliləyən illərdə dərslər tamamilə unuduldu.

İllər ötür, beynəlxalq arenada adlar yenilənir, lakin Azərbaycan şahmatı hələ də mötəbər yarışlarda Rəcəbovla Məmmədyarovun ümidinə qalıb. Halbuki qeyd olunan Dövlət Proqramı ilə bağlı sərəncamdan sonra gənc və yeniyetmə şahmatçıların inkişafına ümidlənmiş, yeni-yeni uğurlara inanmağa başlamışdıq. Bu qədər diqqət və qayğının qarşılığında yeni “ulduzlar"ın görünməməsi gələcəklə bağlı qorxu yaradır, ölkədə şahmatın ciddi təhlükə qarşısında qalacağından xəbər verir. Ümid bəslədiyimiz Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı kimi gənclərin belə, “Top-10”da yer alacağı çətin görünür. Ağrılı olsa da qeyd etməliyik ki, bu gün dünyanın gözü qarşısına çıxara biləcəyimiz gənc və yeniyetmə şahmatçılarımız yoxdur.

Problemlərin hər birinə nəzarət etməli olan qurum Azərbaycan Şahmat Federasiyasıdır. Uşaqlarda bu oyuna maraq yüksəldilməli, ölkədaxili turnirlərin sayı və səviyyəsi artırılmalı, beynəlxalq yarışlarda iştiraka şərait yaradılmalı, mütəxəssislərin durumu diqqətdə saxlanılmalıdır. Bu qədim oyun növünə federasiya səviyyəsində xüsusi diqqət və nəzarət olmadığından, müəyyən dövrdən sonra valideynlər övladlarınının təhsil almasını arzulayır. 

Zaman-zaman gündəmə gələn laqeyd münasibət fonunda ölkədən xaricə beyin axını müşahidə olunur. Lazımi diqqəti görməyən gənc şahmatçı və məşqçilər çıxış yolunu Avropa və yaxın Türkiyəyə üz tutmaqda görüblər. Təkcə qardaş ölkədə yaşayan azərbaycanlı məşqçilərin sayı 50-yə yaxındır.

Bizdəki qədər dərin keçmişə malik olmasa da, sirr deyil ki, son illər Türkiyədə şahmat inkişaf yolu keçib. Yerli federasiyanın apardığı iş bir çox ölkələrə nümunədir. Xüsusilə uşaq şahmatının tərəqqisi sahəsində olduqca diqqətçəkən addımlar atılır. Müntəzəm olaraq keçirilən və yüksək təşkilatçılığı ilə seçilən ölkədaxili yarışlar, stimullaşdırıcı tədbirlər gənc nəsilin inkişafına önəmli təkan verir. Hər il məktəblilərin tətil günlərində baş tutan yeniyetmələr arasında çempionatın təşkilatçılığı az qala nüfuzlu beynəlxalq turnirlər səviyyəsindədir. Xatırlatma edək ki, bu yaxınlarda - 22-29 yanvar aralığında Antalyada keçirilən son belə yarışa ölkənin müxtəlif bölgələrindən 5 minə yaxın uşaq və yeniyetmə qatılmışdı. 

Azərbaycanda uşaq-yeniyetmə şahmatının mövcud durumu barədə uşaq məşqçisi Azər Mirzəyevin də fikirlərini öyrəndik. Gördüyü problemləri sadalayan beynəlxalq qrossmeyster qeyd etdi ki, Azərbaycan Şahmat Federasiyası tərəfindən artıq uzun illərdir uşaq və yeniyetmə idmançılara əsaslı diqqət ayrılmır:

"Aşağı yaş qrupları üzrə keçirilən yarışlarda əldə olunan nəticələr ölkədə şahmatın kütləviliyinin, uşaq məktəblərinin, fərdlərin və onların valideynlərinin çəkdiyi zəhmətin bəhrəsidir. Şahmat Federasiyası bu uğurları öz adına çıxa bilməz. Həmin uşaqlara federasiya neçə dəfə təcrübəli, elit şahmatçılarla təlim-məşq toplanışı imkanı yaradıb? Yaxud onların hazırlığı üçün xüsusi proqram qurulubmu? Müasir şahmat çox qəlizdir. Şahmatçı şəxsi imkanları ilə çox uzağa gedə bilməz. Müvafiq qurumdan lazımi dəstək görməyən şahmatçılar, əlbəttə, vaxt keçdikcə yerində sayacaq. Necə ki, illərdir aşağı yaş kateqoriyalarında nailiyyət qazananların sonradan ciddi göstəricilərlə yadda qalmadığını görə-görə gəlirik. Bütün bu səbəblərdən dolayı, şahmatçılar ölkədə gələcək görmürlər. Çoxu bəlli bir yaş dövründən sonra təhsilə yönəlir, şahmatla vidalaşır. Karyera qurmaq istəyənlər xaricə, əksəriyyəti isə Türkiyəyə üz tutur. Bu da təsadüfi deyil, orada son dövrlər şahmata əsaslı diqqət ayrılır, nəticədə, böyük sıçrayış müşahidə olunur. Hələlik "köhnə məktəb"in nümayəndələri hesabına əsas yığmamız onlardan öndə olsa da, artıq uşaq və yeniyetmə şahmatında bizi xeyli qabaqladıqlarını əminliklə söyləyə bilərəm. Türkiyədə təşkil olunan daxili yarışıarın səviyyəsi,  göz önündədir. Uşaq və yeniyetmə şahmatçılar üçün mütəmadi təlim-məşq toplanışları təşkil olunur. Halbuki o cür yarışları, təlim-məşq toplanışlarını biz də keçirə bilərik. Bunun üçün elə fantastik maliyyəyə də ehtiyac yoxdur".

Mirzəyev ötən ilin noyabrında federasiyaya prezident seçilən Mahir Məmmədovun bu məsələləri diqqətdə saxlayacağına ümid etdiyini bildirib: "Yenə deyirəm, uşaq şahmatının inkişafı istiqamətində atılması gərəkən bu addımlar elə də böyük maliyyə vəsaiti tələb etmir. Federasiya rəhbəri bunda maraqlı olsa, problemlər həllini tapa bilər. İnanmaq istərdim ki, Mahir Məmmədovun prezident seçilməsi şahmatda müəyyən canlanmaya səbəb olacaq O, ən azından şahmatçıları tanıyır, çatışmazlıqlardan xəbərdardır. Əvvəlki prezident Elman Rüstəmovun heç nədən məlumatı yox idi. Hesab edirəm ki, uşaq şahmatının inkişafında elə Türkiyə təcrübəsindən yararlanmaq olar".

Məsələ ilə bağlı Şahmat Federasiyasından da mövqe öyrənməyi lazım bildik. Sorğumuzu cavablandıran gənclərdən ibarət yığmanın baş məşqçisi Fərid Abbasovun fikirlərini təqdim edirik:

"Azərbaycanda uşaq şahmatı hər zaman diqqətdədir. Ölkədə mütəmadi olaraq müxtəlif yaş kateqoriyasında birinciliklər keçirilir. Düzdür, pandemiyaya görə bəzi turnirlər təxirə salındı. İndi onların mövcud qaydalara görə bərpası istiqamətində işlər aparılır. Uzun illər ölkəmizdə 16 yaşadək şahmatçılar arasında Ümumrespublika Olimpiadası təşkil olunur. Son dəfə 2019-cu ildə Qaxda baş tutub. A qrupunda 241, B qrupunda isə 272 iştirakçı olub. Ümumilikdə 513 şahmatçı çıxış edib. 2019-cu ildə "Naxçıvan Open" beynəlxalq şahmat festivalı keçirildi. A qrupunda 54, B qrupunda 104, C qrupunda isə 188 iştirakçı qeydə alınıb. C qrupu balacalar kateqoriyasına aiddir. Bundan başqa 10,12,14,16 yaşlılar arasında da yarışlar keçirilir. Sadəcə, turnirlər ayrı-ayrılıqda təşkil olunur. Bəzi ölkələr bütün yaş kateqoriyalarını eyni tarixdə keçirir. Məhz bu turnirlərin sayəsində balacalar və yeniyetmələrimiz beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir. Məktəblilərin hibrid formatında təşkil olunan son Avropa çempionatında təmsilçilərimiz 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb. Ötən il yeniyetmələrin "Super Final" turnirində ümumilikdə 3 medal ölkəmizə qismət oldu. Gələcəkdə də yeniyetmələr arasında həm daxili, həm də beynəlxalq yarışların keçirilməsi və onların inkişafı bizim üçün prioritet sayılır".

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

16:53

Futzal üzrə Azərbaycan Kuboku: Yarımfinal matçlarının təyinatları bilindi

16:37

Xavinin taleyi həll olunur - Laporte, Yuste və Deku bir araya gələcək

16:19

İnzagi Mourinyunu geridə qoydu

16:01

AFFA-dan maaşların azaldılması və liqanın ləğvi xəbərlərinə REAKSİYA

15:42

A Seriyasında maraqlı tendensiya: 6-da 6

15:24

Tuxel İspaniya nəhənginin təklifini geri çevirdi - Bu kluba gedəcək

15:05

"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

14:47

Bakıda UEFA-nın məşqçilik kursu başladı

14:30

Legioner rüsumu 50 min manat olsa...

14:11

“Prezident Kuboku”: Azərbaycana 20-dən çox ölkənin idmançısı gəlir

13:56

"İnter"ə çempionluq gətirən qələbə - VİDEO

13:49

AÇ-2024: Baş hakimlərin adları açıqlandı - Siyahıda türk də var

13:38

"Biz skudettonu hələ martda qazanmışdıq" - Simone İnzagi

13:20

Xavi tarixi antirekordu təkrarladı

12:19

Azərbaycan çempionatında ilk finalçı bilindi

12:00

"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

11:36

"Qəbələ"ni məğlub edən komanda UEFA Gənclər Liqasının qalibi oldu

11:15

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə

10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

10:35

U-17 Belarusla üz-üzə

10:14

"Bayer"in rəsmisi Virtsin qiyməti haqqında: "Səhv etmişəm" 

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

18:46

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

17:55

"Əvvəllər burada qələbə qazanıb-qazanmadığımızı xatırlamıram" - Yürgen Klopp

Facebookdan bizi izləməyi unutmayın.
X