
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FİFA-nın prezidenti Canni İnfantinonu qəbul edib.
Fanat.Az xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərə verdiyi dəstəyə görə Canni İnfantinoya təşəkkürünü bildirib.
Dövlətimizin başçısı gələn ay ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirdi. Azərbaycanın bu idman tədbirlərində iştirakının önəmini vurğulayan Prezident İlham Əliyev bütün bunların ümumilikdə regionda futbolun inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə edib.
Canni İnfantino qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Qonaq ilk dəfə ölkəmizdə keçiriləcək 15 yaşadək oğlan futbolçular arasında dünya çempionatı və festivalının önəminə toxunaraq, dünyanın idman ictimaiyyətinin diqqətinin bu tədbirə yönələcəyini dedi.
Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlərdən söhbət açıldı, son dövrlərdə bu sahədə əldə edilən uğurlara toxunulub.
Ölkəmizlə FİFA arasında uğurlu əməkdaşlığın qurulduğu vurğulanaraq, tərəfdaşlığın perspektivləri müzakirə olunub.
Söhbət zamanı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) FİFA-nın fəaliyyətinə verdiyi dəstək məmnunluqla qeyd edilib.
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.
FİFA prezidentinin ölkəmizə səfərinin məqsədi Bakıda oktyabrın son həftəsində keçiriləcək U-15 dünya çempionatına hazırlıqlar ilə tanış olmaqdır. O, bu gün Hövsanda inşa olunan meydançalara baxış keçirib. İnfantino bu məqsədlə qısa müddətdə istifadəyə hazırlanan 10 meydança ilə tanış olub. FIFA prezidenti təxminən iki aya görülən işləri bəyənib. Təşkilati işlərin gedişindən məmnun qalan qonaq daha bir neçə görüş keçirdikdən sonra səfərini başa vuracaq.
Hövsanda İnfantinonu AFFA rəsmiləri müşayiət ediblər.