"Birmənalı şəkildə bəyan edirəm ki, bizim federasiya Yelena Starikovaya heç vaxt dəvət göndərməyib".
Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev ukraynalı Yelena Starikovanın yığmamızdan təklif alması ilə bağlı ölkəsinin mətbuatına verdiyi açıqlamaya münasibət bildirərkən qeyd edib. Qurum sözçüsü sosial şəbəkə hesabında velosipedçinin özünə diqqət artırmaq məqsədilə Azərbaycanın adından istifadə etdiyini yazıb:
"Başa düşürəm, son illərdə Ukraynadan Azərbaycana idmançı transferi geniş vüsət alıb. Amma birmənalı şəkildə bəyan edirəm ki, bizim federasiya Yelena Starikovaya heç vaxt dəvət göndərməyib. Ən azı ona görə ki, ona xərcləyəcək pulumuz (maaş, bahalı trek velosipedi) yoxdur. Yelena Starikovanın Ukraynanı sevdiyinə və vətənpərvər olmasına şübhəm yoxdur. Amma ola bilər ki, idmançı ölkəsində özünə diqqəti artırmaq üçün Azərbaycanın adından istifadə edir”.
Qeyd edək ki, 25 yaşlı Starikova Tokio 2020-də trek velosipedi üzrə sprint yarışının finalında kanadalı Kelsi Mitçellə uduzaraq, gümüş medala sahib olub.
Sahib Əsədbəyli