Yaponiyanın Kitakyuşu şəhərində idman gimnastikası üzrə dünya çempionatı keçirilib.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycan təmsilçiləri də qüvvəsini sınayıb.
Kişi idman gimnastikası üzrə yarışlarda ölkəmizi İvan Tixonov təmsil edib. Tokio 2020 Yay Olimpiya Oyunlarının iştirakçısı iki alətdə - dayaqla tullanma və turnikdə çıxışlarını nümayiş etdirib. 25 yaşlı gimnastımız dayaqla tullanmada 13.350 balla 40-cı, turnikdə isə 10.966 balla 82-ci nəticə göstərib.
Qadınların yarışında isə Samirə Qəhrəmanova və Milana Minakovskaya iştirak edib. Milana çoxnövçülükdə, Samirə isə dayaqlı tullanma, gimnastika tiri və sərbəst hərəkətlər üzrə yarışlarda çıxış edib.
Gimnastlarımızdan heç biri final mərhələsinə adlaya bilməyib.
Qeyd edək ki, Kitakyuşu şəhəri oktyabrın 27-dən 31-dək bədii gimnastika üzrə dünya çempionatına da ev sahibliyi edəcək. Yarışda Azərbaycan 8 idmançı ilə təmsil olunacaq.