Belarus təmsilçisi İvan Litvinoviç Bakıda keçirilən Dünya Kuboku turnirində kişi batutçuların fərdi yarışında birinci olub.
Fanat.Az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibinin çıxışı hakimlər tərəfindən 61,850 xalla qiymətləndirilib.
Digər belaruslu gimnast Andrey Buylov 60,800 xalla gümüş medal qazanıb. Qazaxıstanlı Danil Mussabayev 58 890 xalla yarışı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq turnirdə dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.