Bakıda keçirilən akrobatika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında 12-18 yaş kateqoriyasında mübarizə aparan qarışıq cütlüyümüz - Milana Əliyeva və Nizam Xamidulin balans hərəkətində proqramı icra edib.
Fanat.Az xəbər verir ki, təmsilçilərimizin çıxışı hakimlər tərəfindən 27,100 xalla qiymətləndirilib. Ötən gün temp hərəkətində 27,000 xal alan Milana və Nizam iki proqramın cəmində 54,100 xalla təsnifatda dördüncü olublar. Bununla da onlar martın 5-də baş tutacaq final mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan cütlüyü ilə yanaşı, finalda İsrail, Rusiya, İtaliya, Böyük Britaniya, Portuqaliya, Niderland və Qazaxıstan təmsilçiləri mübarizə aparacaqlar.
Martın 6-dək davam edəcək yarışda 24 ölkədən 438 gimnast iştirak edir.
Qeyd edək ki, yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.