
Ötən tur baş tutan "Kəpəz" - "Qarabağ" oyunundan sonra yaşanan maraqlı anlar diqqət çəkmişdi. Belə ki, matçdan sonra azyaşlı uşaq ağlaya-ağlaya Ağdam komandasının baş məşqçisi Qurban Qurbanova yaxınlaşaraq "köhlən atlar"ın azarkeşi olduğunu bildirmiş, buna biganə qalmayan mütəxəssis isə "sürpriz qonağ"ın soyunub-geyinmə otağına aparılmasına, futbolçuları görüb onlarla şəkil çəkdirməsinə icazə vermişdi.
Fanat.Az-ın ekslüziv videosu sosial mediada onlarla səhifə, yüzlərlə insan tərəfindən paylaşılmış bu görüntülər gündəm olmuşdu.
Bu dəfə həmin uşağı axtarıb taparaq onun həmin gün baş verənlərlə bağlı təəssüratlarını öyrənib.
Bəribaşdan qeyd edək ki, qəhrəmanımızın adı Ayaz, soyadı Abbaszadədir. 9 yaşı var və "Gəncə TİM" komandasının üzvüdür. Atası hərbçidir və 2-ci Qarabağ müharibəsinin iştirakçısı olub, ön cəbhədə xidmət edib. Əslən ağdamlıdırlar. Belədə Ayazın hazırda Gəncədə yaşamasına baxmayaraq, məhz "Qarabağ"a azarkeşlik etməsinin səbəbi aydın olur...

Qurban Qurbanovla görüş necə baş verib? Gəlin, Ayazın öz dilindən eşidək: "Həmin gün məşqimiz var idi. İntiqam müəllim bizi oyuna gətirdi. Ondan xahiş etdim ki, məni "Qarabağ"la görüşdürsün. O, bunun çətin olacağını, əvəzində "Kəpəz"in futbolçuları ilə görüşdürə biləcəyini dedi. Mən isə "Qarabağ" azarkeşiyəm. Tribunada oyunu izləyəndə yanımdakı uşaqlar "Kəpəz"i alqışlayırılar, mən isə "Qarabağ", "Qarabağ" qışqırırdım. Çox istəyirdim ki, "İmarət Tayfa" olan yerə gedib komandanı ordan dəstəkləyim. Ancaq icazə vermədilər. Oyunun sonlarında meydançaya keçmək istədim. polislər buraxmadı. Məşq forması tapıb geyindim, elə bildilər topdaşıyanam. Amma yenə də içəri buraxmadılar. "Kəpəz"in futbolçusu Fərid Nəbiyevdən xahiş edirdim ki, məni Qurban müəllimlə görüşdürsün. O dedi ki, buna icazə verməzlər. Elə bu vaxt Gündüz Abbaszadə məni gördü, yaxınlaşıb nə istədiyimi soruşdu. Mənə suallar verdi, sonra dedi ki, gözləyim. Qurban Qurbanov soyunub-geyinmə otağında futbolçulara iclas keçirdi. Elə birinci o bayıra çıxdı və ona yaxınlaşdım. Çox həyəcanlı idim, buna görə ağladım. O isə mənimlə mehriban davrandı, qucaqlayıb öpdü. Sonra paltardəyişmə otağına apardı".

Ayaz Abbaszadə "Qarabağ"ın soyunub-geyinmə otağında nələrin baş verdiyinə belə aydınlıq gətirdi: "Qurban müəllim futbolçulara tapşırdı ki, mənimlə görüşsünlər. Bir-bir yaxınlaşıb görüşdüm onlarla. Hamısının adını deyib görüşürdüm. Onlaı tanımağımı gülərək qarşıladılar. Bircə Redon Cicanın adını deyə bilmədim. Sonra Musa Qurbanlı ilə Abdulla Zubirin qol vurarkən etdiyi hərəkətləri təkrarladım. Çox xoşlarına gəldi. Mənə iki forma bağışladılar. Birini Bədavi Hüseynov, o birini Abdullah Zubir verdi.

Sizin vasitənizlə Qurban Qurbanova bir daha təşəkkürümü çatdırıram. Mənim arzumu yerinə yetirdi. Musa Qurbanlı və Maksim Medvedevə də salam göndərirəm. Onlarla dost olduq".

P.S. "Qarabağ"ın balaca azarkeşi ilə söhbətləşib qurtarmışdıq ki, bir qədər sonra yenidən redaksiyanı aradı. Ayaz Qurban Qurbanovun "Gent"lə fevralın 16-dakı oyun üçün ona bilet göndərdiyini sevinclə bildirdi.
Mirağa