Futbol üzrə Azərbaycan millisi bu gün AÇ-2024-ün seçmə mərhələsində son oyununu keçirəcək. Təmsilçimiz səfərdə Belçika yığması ilə üz-üzə gələcək.
"Turan Tovuz"un təcrübəli qapçısı Kamal Bayramovla əlaqə saxlayıb "qırmızı şeytanlar"la oyun barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Əlbəttə, son oyunlarda millidə yüksəliş açıq-aşkar görünür. Futbolçularda yüksək motvasiya var, özünəinam artıb. Biz bunun nəticəsini meydanda görürük. Son oyunu nəzərə alsaq, bu qarşılaşmadan ən azı yaxşı, baxımlı oyun fonunda 1 xal gözləyirəm. Düzdür, çətin olacaq, amma inanıram ki, uşaqlar bunu bacararlar. Kompakt oynasaq və rəqibin top itkilərindən sonra sürətli hücumlar qursaq, üstünlüyümüz olar. Rəqib ev sahibi olduğu üçün istər-istəməz üzərimizə gələcək. Bu matçda millimizin orta xətt oyunçularına çox yük düşəcək. Nə qədər az top itirsək və ötürmələrdə dəqiq olsaq, xal qazanmaq şansımız o qədər artar".
Qeyd edək ki, Brüsseldə reallaşacaq "Belçika" - "Azərbaycan" qarşılaşması Bakı vaxtı ilə 21:00-da başlayacaq.
Nahid Məmmədov