Bir müddət əvvəl Yeni İnkişaf Strategiyasının hazırlanması ilə bağlı futbol ictimaiyyətinə müraciət ünvanlayan AFFA bu müddətdə müvafiq departamentlər, qurumun birbaşa üzvləri Peşəkar Futbol Liqası, Regional Futbol Federasiyası, İctimai Futbol Təşkilatları və Sahə Futbol Federasiyası, onları təmsil edən Premyer Liqa, I və II Liqada çıxış edən klublar, Futbolun İnkişafı Fondu, Sponsorlar və partnyorlar, həmçinin, media, bir sözlə futbol ictimaiyyətindən təkliflər göndərməyi xahiş etmişdi.
Bu müddətdə bir çox onlayn və canlı görüşlər təşkil olunub. Hazırda durum nə yerdədir? AFFA-ya konkret layihə təqdim edən olub?
Fanat.Az Yeni İnkişaf Strategiyasının hazırlanması ilə bağlı layihə rəhbəri Elçin Məmmədovla əlaqə saxlayaraq fikirlərini öyrənib:
"Bəribaşdan qeyd edim ki, Premyer Liqa klublarının yarısından azı təklif göndərib. I Liqa və II Liqa təmsilçiləri ilə ayrıca görüşüb fikirlərini dinlədik. Onlardan şifahi təklif bildirənlər oldu. Sahə Futbol Federasiyası və onun bütün üzvləri - çimərlik, futzal, demək olar bütün federasiyalar təklif göndəriblər. Bundan başqa, Futbolun İnkişaf Fondu, Regional Futbol Federasiyası və onun əksər üzvləri təkliflər göndərdilər. Həmçinin, açdığımız linkə futbol ictimaiyyətindən fikir bildirənlər var. Onların arasından bir neçəsini təklif kimi işləmək olar. Bildiyiniz kimi, media nümayəndələri ilə məhsuldar görüşlərimiz olub. Ümumiləşdirsək, layihə şəklində olmasa da, siyahı halında ünvanlanan təkliflər almışıq. Hətta elə federasiya və klub var ki, müraciətə ciddi yanaşaraq 30-35 təklif göndərib. Amma qeyd etdiyim kimi, bəzi klublardan reaksiya bildirilməyib".
Qeyd edək ki, AFFA-nın yeni hazırlanan strategiyası qarşıdakı 4-5 il üçün nəzərdə tutulub.
Mirağa