
"Qarabağ"ın futbolçusu karyerasını Milan "İnter"ində davam etdirə bilər.
Fanat.Az-ın Ağdam təmsilçisinin polşalı qapıçısı Mateuş Koxalskiyə yaxın mənbədən əldə etdiyi məlumata görə, onun xidmətində bir neçə tanınmış Avropa klubu maraqlıdır.
Bu klubların arasında Dortmund "Borussiya"sı və "köhlənlər"i UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda Neapolda 2:0 hesabı ilə məğlub edən "Napoli" ilə yanaşı, "İnter" də var.
Düzdür, milanlılar hələ qərarlarını qətiləşdirməyib və Azərbaycan çempionuna rəsmi təklif göndərməyiblər. Lakin bunun baş vermək ehtimalı yetərincə yüksəkdir. 36 yaşlı qolkiper Yan Zommerə layiqli əvəzləyici axtaran "qara-göylər" Koxalskini diqqətdə saxlayırlar və onun növbəti matçlardakı performansını bəyənəcəkləri təqdirdə, yanvarda "Qarabağ"ın qapısını rəsmi təkliflə döyə bilərlər. "İnter"in "radar"ında olan digər "çərçivə" qoruyucusu isə "Real Madrid"də əsas heyətə düşməyə çətinlik çəkən Andrey Lunindir.
Nihat