
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində yanvarın 21-də "Ayntraxt"ı qəbul edəcək "Qarabağ" pley-offa vəsiqə uğrunda mübarizəni davam etdirir. Bundesliqadan olan rəqibi ən yaxşı tanıyanlardan biri də hazırda "Qəbələ"ni çalışdıran Kaxaber Tsxadadzedir. Frankfurt klubunun əfsanəvi veteranlarından olan gürcü mütəxəssisə qarşıdakı oyunla bağlı bir neçə sual ünvanladıq.
Onun Fanat.Az-la dialoqu belə alındı:
- Primitiv səslənsə də, hansı komandaya azarkeşlik edəcəyinizi bilmək istərdik.
- Mən həmişə yaxşı futbola azarkeşlik edirəm. Qoy güclü qalib gəlsin.
- Stadiona gələcəksinizmi?
- Biz "Şamaxı" ilə Premyer Liqa oyununa hazırlaşırıq. Böyük ehtimalla, oyunu tribunadan izləyə bilməyəcəyəm.
- Ümumiyyətlə, "Ayntraxt"la indiyə qədər əlaqələriniz varmı?
- Əlbəttə, mən "Ayntraxt"la hər zaman əlaqədəyəm. Bir neçə dəfə təcrübə toplamaq üçün orada olmuşam. Eləcə də dəfələrlə oyunlara getmişəm.
- "Qarabağ" - "Ayntraxt" matçında hansı nəticənin qeydə alınacağını güman edirsiniz?
- Yalnız bunu deyə bilərəm ki, hər iki komanda qələbəyə oynayacaq.
Mirağa