
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS (Uels) ilə oyundan öncə mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis belə danışıb:
"Ümid edirəm ki bu mövsüm bizim üçün çox uğurlu alınacaq. Hazırda qarşımızda böyük məsuliyyət var. Həyəcanla oyunu gözləyirik. Avstriyada toplanış keçdik. Azarkeşləri stadiona çağırıram. Nəticəni demirik, amma əlimizdən gələni edəcəyik", - litvalı mütəxəssis vurğulayıb.
O, təlim-məşq toplanışının çox gözəl keçdiyini bildirib:
"Toplanış zamanı güclü rəqiblərlə qarşılaşdıq. Oyunçular istədiyimiz formaya yaxındırlar. Çox yaxşı hazırlaşmışıq. Düşünürəm ki, bir addım daha irəlidəyik".
V.Danmrauskas rəqibi dəyərləndirib:
"TNS təcrübəli komandadır. Hər oyuna qələbə üçün çıxırlar. Ötən mövsüm rəqiblərini 20 xal qabaqlayıb çempion olublar. Ona görə də öz oyunumuz haqqında düşünməli, matça ciddi yanaşmalıyıq".
Xatırladaq ki, "Sabah" - TNS görüşü iyulun 7-də "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.