
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq hücumçusu, son olaraq 2-ci Liqa təmsilçisi "Şəmkir"in çalışdırmış Vüqar Nadirov məşqçilik karyerasını Almaniyada davam etdirəcək.
Bu barədə Fanat.Az-a mütəxəssisin özü məlumat verib.
Nadirov Regional Liqada mübarizə aparan "AZ İnternatinale Lippstadt" komandasının "sükanı arxası"na keçəcək. Onun saytımıza açıqlaması ilə tanış olun:
"Əslində, bir müddət öncədən təklif almışam, amma qərarımı qətiləşdirməmiş bu barədə danışmaq istəmirdim. Artıq sənədlərimi Almaniya səfirliyinə təqdim etmişəm. Yaxın vaxtlarda Almaniyaya yola düşəcəyəm. Klubu adından da göründüyü kimi, azərbaycanlılar yaradıb. Prezidenti Sərxan Qənbərovdur. Komandada əsas simalardan biri də "Qarabağ"ın aşağı yaş qruplarında oynamış Samir Salahovdur. Salahov oynayan məşqçidir, orada mənim köməkçim olacaq. Əsas məqsədimiz orada yaşayan azərbaycanlıları heyətə cəlb etmək, eləcə də klubun aşağı yaş qrupları üzrə komandalarını yaratmaqdır. Sonradan istedadlı yeniyetmələrin ölkəmizin milli komandalarına cəlb olunması üçün də bacardığımızı edəcəyik. Hazırda komandada 17-18 yaşlı iki azərbaycanlı da var. Biri Kənan Həmidovdur, o biri İsmayıl İsmayıllı. Heyətdə 53 yaşlı oyunçu Vüqar Cəfərov yer alır.
Bu işin maddi tərəflərini düşünmürəm. Mənə maraqlı olan əsas məqam özümü fərqli mühitdə sınamaq və ən əsası Azərbaycan futboluna hər hansı şəkildə fayda verməkdir".
Nihat