
Yeni mövsümə Azər Məmmədovun rəhbərliyi altında hazırlaşan "Kəpəz"in hansı performansla diqqət çəkəcəyi futbol ictimaiyyətini maraqlandıran əsas məqamlardandır. Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədova bir neçə sual ünvanlamağı uyğun saydıq.
"Sarı-göylər" çalışdırıcısının Fanat.Az-ın əməkdaşı ilə ilə dialoqu belə alındı:
- Heyəti nə dərəcədə komplektləşdirmisiniz? Komandanı hansı vəziyyətə gətirə bilmisiniz?
- Hazırda heyətin komplektləşdirilməsi istiqamətində işlərimizi davam etdiririk. Müəyyən mövqelərdə istədiyimiz futbolçuları heyətə cəlb etmişik. Amma hələ tam formalaşmış komanda haqqında danışmaq tezdir. Qarşıdakı günlərdə transfer etmək istədiyimiz futbolçular var və həmin oyunçularla danışıqlar aparılır. Hazırlıq prosesində komandanın fiziki və taktiki durumunu yaxşılaşdırmağa çalışırıq. Düşünürəm ki, heyət formalaşdıqca komanda daha optimal vəziyyətə gələcək.
- Hansı mövqelərə oyunçu almağı planlaşdırırsınız?
- Bir neçə mövqedə güclənməyə ehtiyacımız var. Xüsusilə hücum xəttində seçim imkanlarımızı genişləndirmək istəyirik. Bununla bağlı rəhbərliklə müzakirələrimiz gedir. Bir neçə futbolçu ilə də danışıqlar aparırıq. Yaxın günlərdə onları dəvət edəcəyik. Əsas məqsədimiz komandaya fayda verəcək və rəqabəti artıracaq futbolçuları heyətə cəlb etməkdir.
- Üç yoxlama oyunu keçirmisiniz. Oyunları necə dəyərləndirirsiniz?
- Keçirdiyimiz yoxlama oyunları bizim üçün faydalı oldu. Bu görüşlərdə həm futbolçuların hazırkı vəziyyətini qiymətləndirmək, həm də hansı mövqelərdə çatışmazlıqlarımızın olduğunu görmək imkanı qazandıq. Nəticədən daha çox komandanın oyununa, futbolçuların tapşırıqları necə yerinə yetirməsinə və fiziki durumuna diqqət yetiririk. Eyni zamanda, gənc futbolçulara da şans verməyə çalışırıq. Qarşıda bizi daha bir neçə yoxlama oyunu gözləyir. Hər oyunda çatışmazlıqlarımızı aradan qaldırmağa və daha yaxşı futbol nümayiş etdirməyə çalışacağıq. Mövsümün startına qədər komandanı mümkün qədər optimal vəziyyətə gətirmək əsas məqsədimizdir.
Nihat