
Sentyabrın 1-də futbol üzrə Azərbaycan 2-ci Liqasında yeni mövsüm start götürdü. Yarımpeşəkar liqanın ilk turu artıq geridə qalıb. Birinci turların həmişə sürprizlər vəd etdiyi bəlli həqiqətdir. Bu dəfə də elə oldu. Əsksər favoritlərin qələbə qazana bilməməsi, şübhəsiz, müsbət haldır. Bu, sözügedən çempionatın rəqabətli və maraqlı alınacağını proqnozlaşdırmağa əsas verən gerçəklikdir.
Yalnız ikisi sevindi
"Marafon", "Zəngəzur", "Şirvan" və "Qaradağ Lökbatan"ın maliyyə və heyət baxımından digərlərindən bir addım öndə olduğu məlumdur. Əlbəttə, indidən hansının daha şanslı göründüyünü vurğulamaq daha çox münəccimlik cəhdinə bənzəyər. Amma bütün hallarda, sözügedən klubların transfer fəaliyyəti və inkişaf strategiyaları göz önündədir. Bu komandaların hər birinin çempion olmaq ehtimalı yetərincə realdır. Maraqlıdır ki, favoritlərdən ikisi qələbə qazana bildi. "Qaradağ Lökbatan" bu yaydan Bərdəni təmsil edən "Hypers"i 2:1 hesabı ilə üstələdisə, "Şirvan" "Kür-Araz"ı meydana çıxdığına peşman etdi - 6:1.

"Marafon" Şamaxı OİK stadionunda "Şəmkir"lə heç-heçəyə razılaşaraq (1:1) ilk turda xal itirdisə, "Zəngəzur" "Ağstafa Gəncləri"nə 3:4 hesabı ilə yenildi.
Ağstafa təmsilçisindən nə gözləyək?
Yeri gəlmişkən, mövsüm ərəfəsində güclənən kollektivlərdən biri də "Ağstafa Gəncləri"dir. 2-ci Liqada ad-san qazanmış 39 yaşlı mütəxəssis Əli Bağırovun baş məşqçi postuna gətirilməsi, başda zəngin karyeraya malik Cavid İmamverdiyev olmaqla, bir neçə təcrübəli futbolçunun heyətə qatılması çox şeydən xəbər verir. Rəhbərliyin ciddi hədəflərə kökləndiyi, qərb komandasının liqada say artırmaq naminə mübarizə aparmayacağı sezilir. Bu səbəbdən "Zəngəzur"un sürpriz məğlubiyyətini anlayışla qarşılamaq lazımdır. Ağstafa komandası qarşıdakı turlarda digərlərinə də eyni aqibəti yaşada və cari mövsüm tam fərqli performansla diqqət çəkə bilər.
"Zəngəzur"un uduzması sensasiyadır"
Təbii ki, mütəxəssis rəyi ilə media mənsublarının təhlili fərqli anlayışlardır. Ötən "futbol ili"ndə 2-ci Liqada "Qaradağ Lökbatan"ın "sükanı arxası"nda olan, bu komanda ilə yekunda 2-ci yeri tutaraq 1-ci Liqa uğrunda pley-off matçında "Şimal"a uduzan (1:2) və postundan ayrılan Qəzənfər Abbasovla əlaqə saxladıq. Onun ilk tur barədə Fanat.Az-a verdiyi açıqlama belə oldu:
"Zəngəzur"un "Ağstafa Gəncləri"nə uduzması (3:4) və "Marafon"un "Şəmkir"lə matçda xal itirməsinə (1:1) təəccübləndim. Hərçənd "Şəmkir"in də sıralarında təcrübəlilərin sayı az deyil.

Məncə, "Zəngəzur"un uduzması sensasiyadır. Çünki heyətlərində Premyer Liqa təcrübəsi olan futbolçular var. Qalan nəticələr gözləniləndir. Məsələn, "Qaradağ Lökbatan"ın "Hypers"i 2:1 yenməsi, "Şirvan"ın "Kür-Araz"la matçda böyük hesablı qələbə qazanmasında qeyri-adi nəsə yoxdur. Heyət baxımından üstündürlər".
Çatışmazlıqlar aradan qalxsa...
Bəli, yazının girişində qeyd etdiyimiz kimi, 2-ci Liqa yarımpeşəkar çempionatdır, Azərbaycanın səviyyəcə 3-cü liqasıdır. Burada tələblər nəinki elitaya, 1-ci Liqaya nəzərən də belə desək, daha yumşaqdır. Futbolun kütləviləşməsi əsas hədəfdirsə, ildən-ilə səviyyənin artırılması yönündə də müəyyən işlər görmək olar. Doğrudur, işin maliyyə tərəfləri də əsasdır və klubları əlavə tələblərlə "yükləmək" durumu mürəkkəbləşdirər, amma peşəkarlaşma istiqamətində çalışmaq da vacibdir.

Tutaq ki, stadion çatışmazlığına, bir süni örtüklü meydanda 4-5 komandanın oynamasına çarə tapmaq mümkündür. Hazırda çox yox, bir yeni stadionun tikilməsi belə, inkişafa ciddi təkan olar. AFFA-nın da belə layihələrdə maraqlı olması, ölkə futboluna sponsorların cəlb edilməsi istiqamətində danışıqlar aparılması ümidverici mənzərədir. Məsələn, klublarda mətbuatla əlaqələrin yaxşılaşdırılması mövzusunda da seminarların təşkil edilməsi, mətbuat katiblərinin təyinatı məsələsinin gündəmə gətirilməsi də önəmli məsələlərdən biridir. Düzdür, bəlli reallıqlar fonunda hər şeyi birdən-birə dəyişmək, qısa müddətdə böyük sıçrayışa nail olmaq çətindir, lakin mümkünsüz deyil. Çatımazlıqlar mərhələli şəkildə aradan qaldırılsa, yaxın 5 ildə indiki 2-ci Liqanın səviyyəsi azı 2 dəfə yüksələr. Bizə qalan turları həvəslə izləmək və indilik ən yaxşısına ümid etmək qalır.
Nihat Ağasoy
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
