"Portu", "Marsel" və "River Pleyt"dəki çıxışı ilə məşhur olan Argentina millisinin sabiq üzvü Luço Qonzales həyat yoldaşını öldürməyə cəhd etməkdə ittiham olunub. Fanat.Az xəbər verir ki, bu barədə veteran futbolçunun həyat yoldaşı Andreya Markues açıqlama verib.
Portuqaliyanın "CM Jornal" dərgisinə danışan Andreya deyib ki, əri dekabrın 8-də onu öldürməyə çalışıb: "Məni boğmağa və biləklərimi kəsməyə çalışdı. Evin damına çıxdım və məni eyvandan atacağından qorxaraq uşaqlarımı çağırdım. Uşaqlar bağçada itlərlə oynayırdı. Məni yatağa tullayıb boğazımı sıxmağa başladı. "Səni öldürəcəm" deyə qışqırırdı. Onu dayandırmağa çalışan oğlumuz Matteonu (7 yaş) da vurub yerə yıxdı".
Olaydan sonra Markues evi tərk edib. O, gedərkən bütün qızıl-ziynət və dəyərli əşyalarını, paltarlarını alıb, bank kartlarını ləğv etdirib.
Koritiba polisi olayla bağlı araşdırmalara başlayıb. Polis Markuesə mühafizəçi verib. Uşaqlarını 90 gün ərzində görməsi qadağan edilən Luço həyat yoldaşına 500 metrdən artıq yaxınlaşa bilməyəcək.
Fanat.Az