
Futbol üzrə Azərbaycan çempionatları tarixində meydana baş məşqçi və ya əvəzi kimi komanda çıxaran əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 1-ci turunda reallaşıb.
Tur iki legioner baş məşqçinin debütü ilə əlamətdar olub. Portuqaliyalı Jorje Kaşkilya “İmişli”nin, serbiyalı Saşa İliç “Sumqayıt”ın “sükanı arxasında” ilk çempionat matçına çıxıb.
Portuqaliyalının yetirmələri “Turan Tovuz”a 0:1 hesabı ilə uduzubsa, serbiyalının komandası “Kəpəz” üzərində 3:0 hesablı qələbəyə sevinib.
Bununla da, Premyer Liqa (əvvəllər güclülər dəstəsi) tarixində meydana baş məşqçi və ya əvəzi kimi komanda çıxaran əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb. Kaşkilya ilk portuqaliyalı olubsa, İliç 5-ci serbiyalıdır. O, həm də “Sumqayıt”da 3-cü legioner çalışdırıcıdır.
Kaşkilya “İmişli”nin Premyer Liqada ilk baş məşqçisidir.