
Azərbaycanın 16 yaşadək futbolçualardan ibarət millisi III MDB Oyunlarında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda A qrupunda qırğızıstanlı həmyaşıdları ilə qarşılaşıb.
Qəbələdə baş tutan görüş Azərbaycan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Tunar Bayramov (53), Əli Bəşirov (70, 75) və Roman Fərzəli (79) rəqib qapısından keçiriblər.
Beləliklə, U-16 finala yüksəlib. Komandamız həlledici oyunda Rusiya - Özbəkistan matçının qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, futbol yarışına oktyabrın 4-də yekun vurulacaq.