
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, Premyer Liqanın 6-cı turundakı qayda pozuntularını müzakirə edən qurum bununla bağlı ölçü götürüb.
Cəza və cərimələr kifayət qədər məhsuldar alınıb. Xüsusilə, “Sabah” klubu 11 700 manat cərimələnib. “Sumqayıt”la matçın gedişində işıq söndüyünə və qarşılaşma 20 dəqiqə gecikdiyinə görə “Sabah” 1000 manat cərimə olunub. Bakı klubu dörd futbolçusu sarı vərəqə aldığından əlavə 700 manat ödəməli olacaq. Əsas cərimə isə 90+4-cü dəqiqədə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan “Sabah”ın məşqçisi Castinas Qasiunasa görə olub: o, 4 oyun cəzalanıb, klub 10 000 manat ziyana düşüb.
İntizam Komitəsi “Kəpəz” klubunu 5000 manat cərimələyib. “Turan Tovuz”la oyunda azarkeşlərin rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi buna səbəb olub.
“İmişli” klubu 1000 manat ziyana düşüb. “Zirə” ilə qarşılaşmada media sektorunda kənar şəxslərin olması bölgə təmsilçisinin cərimələnməsinə gətirib çıxarıb.
“Qəbələ” də eyni məbləği ödəməli olacaq. “Qırmızı-qaralar”ın oyunçusu Prins Ovusu “Qarabağ”la matçın 1-ci dəqiqəsində qırmızı vərəqə alıb və 2 oyunluq cəzalanıb.
“Araz-Naxçıvan” isə 700 manat cərimələnib. Naxçıvan təmsilçisinin beş üzvü “Şamaxı” ilə görüşdə sarı vərəqə alıb.