
Ötən gün Çempionlar Liqasında keçirilən oyunlarda qeydə alınan nəticələrə əsasən ölkələrin UEFA reytinqi yenilənib.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra və mövqeyini yaxşılaşdıra bilib.
Buna "Sabah"ın pley-off mərhələsinin cavab oyununda İsrail "Hapoel Beer-Şeva"sını Bakıda üstələməsi (5:2) şərait yaradıb. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda qələbədən başqa, Liqa mərhələsinə yüksəlməklə də ölkəmizin hesabını xeyli zənginləşdirib.
Nəticədə cari mövsümdə qazanılan əmsal 5.125-ə yüksəlib. Bunun 3.000 əmsalı "Sabah"ın, 1.250-i "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə "Neftçi"nin payına düşür.
Hazırda ölkəmizin ümumi xal ehtiyatı 23.687-yə bərabərdir.
Dünənki qələbədən sonra Azərbaycanın qitə sıralamasında mövqeyi də dəyişib. Ölkəmiz 26-cı yerdən 25-ə yüksəlib.
Ən yaxın izləyicimiz Sloveniyanın 22.843 əmsalı var. Bir pillə öndə - 24-cü yerdə qərarlaşan İsrailin ümumi qazancı isə 23,750-yə bərabərdir.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.907) başçılıq edir.