
Bu gün Azərbaycan və Şotlandiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandaları qarşılaşacaq. Gənclər millimizin səfərdə keçirəcəyi oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Millimizin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb matç barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə olub:
"Hazırda Şotlandiyanın növbəti mərhələyə çıxmaq şansı var və bu oyun bizim üçün ikiqat çətin olacaq. Həm səfərdə oynayırıq, həm də rəqib üçün bu üç xal çox vacibdir. Düşünürəm ki, millimizin Çexiya ilə matçda qazandığı bir xaldan sonra özünə inamı artmalıdır və bu amil səfər oyununda da komandamıza kömək etməlidir. Təbii ki, orada qazanılacaq bir xal belə aktivimizə yazılar. Nəzəri cəhətdən növbəti mərhələyə çıxmaq şansımız çox azdır. Bununla belə, qazanılan hər xal faydalıdır. Amma yenə də deyirəm ki, bizi çox çətin oyun gözləyir".
Əlisahib İbrahimli