16:42 24.06.2022 1075

Azərbaycan güləşində ilk: "Rusiyanın rekordunu qırmağa 4 xalımız çatmadı"

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

13-19 iyun tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə 17 yaşadək güləşçilər arasında növbəti Avropa çempionatı keçirildi. Müvafiq yaş qrupu üzrə sayca 24-cü olan qitə birinciliyi Azərbaycan güləşi tarixinə bir sıra rekordlarla düşdü. 

Yarışın ilk günlərində mübarizəyə qoşulan yunan-Roma güləşi millisi çıxışını 2 qızıl, 5 gümüş, 1 bürünc medalla başa vurdu. Ümumilikdə 175 xal toplayan "klassiklər" ardıcıl ikinci dəfə komanda hesabında qitənin ən yaxşısı adına yiyələndi. Bu, medal keyfiyyəti və kəmiyyətinə görə rekord olmasa da, xal sayı baxımından yığma tarixinin ən yaxşı nəticəsini müəyyənləşdirdi. 

Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 6 idmançıyla qitə birinciliyinə yollanan qızlardan ibarət yığma yekunda 1 dəst medal qazandı.

Yunan-Roma güləşində olduğu kimi, qadın güləşində də rekord qeydə alındı. Belə ki, Azərbaycan 66 xalla komanda hesabında Avropa 5-cisi oldu. Buna qədər bu yaş qrupu üzrə qitə birinciliyində zərif cinsin nümayəndələri ən yaxşı halda 62 xal (Faenza-2019) toplamışdı.

Bundan başqa, qadın güləşində millimiz medalların əyarına görə son 7, sayına görə isə son 9 ilin ən yaxşı nəticəsinə imza atıldı.

Nəhayət, yarışın son üç günündə mübarizəyə qoşulan sərbəst güləş seçməsi möhtəşəm çıxışla diqqət mərkəzinə düşdü. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında yarışa qatılan 10 idmançıdan 9-u fəxri kürsüyə qalxdı. 6 qızıl, 1 gümüş və 2 bürünc medalla Avropa çempionatında aşkar dominantlıq edən yığmamız 210 xal toplayaraq komanda hesabında Avropa çempionu oldu. Pəhləvanlarımız 2-ci pillədə qərarlaşan Türkiyəni 74 xal qabaqladı.

Üstəlik, yığma birdən-birə 2 rekordunu yenilədi. “Sərbəstlər” U-17 Avropa çempionatları tarixində medalların əyarına və komanda hesabında toplanan xallara görə ən yaxşı nəticələrinə imza atdılar.

Beləliklə, toplam 9 qızıl, 7 gümüş, 4 bürünc medala sahib çıxan güləşçilərimiz ümumkomanda hesabında ilk dəfə olaraq qitənin ən yaxşısı oldu.

Xatırladaq ki, qitə birinciliyində yunan-Roma güləşçilərindən Fəraim Mustafayevlə (55 kq) Məhəmməd Qasımzadə (60 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Elvin İbadov (45 kq), Vədat Qasımlı (51 kq), Seymur Qasımov (65 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq) isə bürünc medal qazanıb. Yeniyetmə qızlardan qızıl medalı ölkəmizin hesabına Ruzanna Məmmədova (49 kq) yazdırıb. Elvina Kərimzadə (43 kq) ikinci, Aysel Məmmədzadə (46 kq) üçüncü nəticə göstərib. "Sərbəstlər"dən Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ağa Qasımov (60 kq) ikinci, Ağanəzər Novruzovla (71 kq) Şəmistan Axundov (80 kq) isə üçüncü yeri tutub.

Fanat.Az yarışın yekunları barədə Avropa çempionu olan yığmalarımızın böyük məşqçilərinin fikirlərini öyrənib.

Sərbəst güləş millisinin çalışdırıcısı Əsgərxan Novruzov yığmanın gözləniləndən daha artığına nail olduğu qənaətindədir:

"Yarışdan əvvəl uşaqlara demişdim ki, sizin hər biriniz Avropa çempionu olacaq gücdəsiniz. Həqiqətən də on nəfərin hamısı qızıl medala layiq uşaqlar idi. Amma bu, idmandır, xüsusən də yeniyetmələrin psixologiyası fərqli olur. Bu səbəbdən, mən hər ehtimalı nəzərə alıb fikrimdə 5 qızıl medal tutmuşdum. Çoxları düşünə bilər ki, Rusiya olmadığına görə biz bu qədər böyük nəticə qazandıq. Amma deyim ki, bizim aşağı yaş qrupları üzrə yığmalarımız rusların iştirak etdiyi yarışlarda da sözlərini deyiblər. Bu dəfə isə əlbəttə, daha böyük şansımız var idi. Bunu da maksimum səviyyədə dəyərləndirməliydik. 10 qızıl medal da qazanmaq mümkün idi. On çəkininn hamısındakı uşaqların hazırlığı çempion səviyyəsindəydi. Amma bu, idmandır, bütün çəkilərdə "qızıl" alsaq, bunun adı Avropa çempionatı olmazdı. Komandamız istənilən halda bir çox rekordları yenilədi. Məsələn, 6 qızıl medalı U-17 Avropa çempionatında heç bir ölkə qazanmamışdı. Doqquz çəkidə mükafatçılar arasında olmağımız da bir ilk idi. Bircə xal sayında Rusiyanın rekordunu təzələyə bilmədik. Rekordu qırmağa 4 xalımız çatmadı. 92 kiloqramdakı idmançımız üçüncülük görüşündə uduzmasaydı, 5 xal da ordan əlavə olunacaqdı, belədə həmin rekordu da qıracaqdıq. Yeri gəlmişkən, Rəvan Musayev bizim çempionluğa əsas namizədlərimizdən idi. Sadəcə, alınmadı".

Yığma üzvlərinin AÇ-də ermənilərlə görüşlərinə toxunan Novruzov yarış vaxtı yaşanan maraqlı hadisəni də bizimlə bölüşdü:

"Ermənilərlə beş görüşümüz oldu. Hamısında da qalib gəldik. Çoxunda güləşçilərimiz tam üstünlüklə onları məğlub etdi. Qələbələrimizdən üçü Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu günə təsadüf eləmişdi. Həmin gün axşam otelə ermənilərlə eyni avtobusda qayıdırdıq. Bizim uşaqlar "Yaşa, Azərbaycan" mahnısını qoyub oynayırdılar. Ermənilər əvvəlcə gülürdülər, sonra içlərindən biri nə dedisə, başlarını tutdular.

Biz komanda hesabında birinci, türklər ikinci oldu. Mükafatlandırmada bir-birimizə qardaşlıq jestləri etdik. Ümumiyyətlə, bu Avropa birinciliyindən qalan xoş təəssüratlar hamımızın xatirində hələ uzun illər yaşayacaq".

51 yaşlı mütəxəssis müvafiq yaş qrupu üzrə iyulun 25-dən 31-dək İtaliyanın paytaxtı Romada keçiriləcək dünya çempionatında yığmanın qarşıya qoyduğu hədəfi açıqladı:

"Desəm ki, altı qızıl medalı dünya birinciliyindən də gətirəcəyik, düz olmaz. Yalançı çıxaram. Dünya çempionatında İran, ABŞ, Yaponiya, Hindistan kimi ölkələr də olacaq. Güləşçilərdən ən azı bir-iki dəst medal gözləyirik. Komanda hesabında da ilk üç yerdən birinə iddialıyıq".

Məşqçi Avropa çempionu olan heyətdə yalnız bir dəyişikliyin nəzərdə tutulduğunu diqqətə çatdırdı:

"Ən yüngül - 45 kiloqram çəki dərəcəsində çempion olan idmançımızın boyu 1.74-dür. Çəki salması çox çətin, zülmlü olur. Bu səbəbdən böyük ehtimalla dünya çempionatına başqa güləşçini aparacağıq"

Yunan-Roma güləşi üzrə yığmanın böyük məşqçisi Taleh İsrafilov millinin ardıcıl ikinci dəfə komanda hesabında qitə çempionluğu qazanmasını böyük uğur kimi qiymətləndirsə də, "klassiklər"in yeddi finaldan cəmi ikisini aktivinə yazmasının təəssüfünü gizlətmədi:

"Yeniyetmə güləşçilərimiz ötənilki - güclü Rusiya yığmasının da qatıldığı Avropa birinciliyində 4 qızıl medal qazanmışdı. Belədə bu dəfə qızıl medalların daha çox olacağını ehtimal edirdik. Komandanın 7 finaldan 5-ni əldən verməsi hamıdan çox təbii ki, mənə təsir edib. Lakin deyim ki, finallarda məğlubiyyətlərin də ayrılıqda obyektiv və subyektiv səbəbləri vardı. İdmançıların həyatlarının indi elə dövrüdür ki, diqqətləri müxtəlif istiqamətlərə yönəlir. Müxtəlif səbəblərdən yarışa tam konsentrasiya olmaqda çətinlik çəkdilər. Onu da qeyd edim ki, bəzi güləşçilərimiz tam bərabər şəraitdə keçən görüşdə cüzi fərqlə rəqiblərinə məğlub oldular. Ümumi götürəndə, yığmanın nəticəsini - 10 çəki dərəcəsindən 8-də medal əldə olunmasını uğurlu saya bilərik".

45 yaşlı mütəxəssis növbəti ay baş tutacaq dünya birinciliyində komandanın qarşıya qoyduğu məqsədin sadəcə çempionluq olduğunu bildirdi:

"Dünya birinciliyinə aparılacaq heyətdə iki dəyişiklik nəzərdə tutmuşuq. 48 və 65 kiloqram çəki dərəcələrindəki idmançılar çəkisalmada problem yaşadıqlarından onları böyük ehtimalla başqa güləşçilər əvəzləyəcək. Hədəfimiz isə ən azı iki qızıl medal qazanmaq və komanda hesabında dünya çempionu olub yeni tarix yazmaqdır. Yığmamızın dünya birinciliyində indiyədək ən yaxşı nəticəsi ikincilik olub ki, bu da 2019-cu ildəki yarışa təsadüf edib".

Sahib Əsədbəyli 

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

10:24

AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

09:55

"Pafos" məğlub oldu, Murad Məmmədov isə...

Facebookdan bizi izləməyi unutmayın.
X