Fevralın 1-5-də Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə ilin ilk reytinq turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, Dünya Güləş Birliyi (UWW) turnirdə bir neçə mümkün revanş görüşünü qeyd edib. Onların arasında Azərbaycan milli komandasının üzvlərinin də iştirakı ilə qarşılaşmalar ola bilər.
Sərbəst güləş üzrə 65 kq çəki dərəcəsində Hacı Əliyev və İsmayıl Musukayev (Macarıstan) arasında revanşı görüşü gözlənilir. Əliyev rəqibindən 2022-ci il Avropa çempionatının finalında, dünya çempionatının isə üçüncülük görüşündə məğlubiyyətin revanşını ala bilər.
Qadın güləşində Mariya Stadniklə Yui Susaki (Yaponiya) arasında 50 kq-da final görüşü ehtimal olunur. Susaki millimizin 34 yaşlı liderinə Tokio Olimpiadasında qalib gəldikdən sonra olimpiya çempionu, ardınca dünya çempionatının qalibi olub. Stadnik isə ötən dövrdə İslamiadada qüvvəsini sınayıb və baş mükafata sahib çıxıb.