
Azərbaycan Premyer Liqasının 28-ci turunda "Səbail" səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt klubunun baş məşqçisi Şahin Diniyev görüşü dəyərləndirib:
“Gərgin oyun oldu, 6 xala bərabər matç idi. Ən azı uduzmamalı idik. Futbolçular ikinci hissədə dayandılar. Belə meydanda oynamaq çətindir. Son dəqiqələrdə üç hücumçu ilə oynadıq. Hələ heç nə bitməyib. Premyer Liqada qalmaq üçün “Şamaxı” ilə vuruşmalıyıq. Ümidliyəm. Qarşıda səkkiz oyun qalıb. Bu komanda oyununa görə Premyer Liqada qalmağa layiqdir. Maksimum xallar qazanmağa çalışacağıq. Yolumuza davam edəcəyik. Daha çox psixoloji hazırlığa fikir veririk. Futbolçular uduzmaqdan qorxur. Qorxursansa, bu başına gələcək. Ən böyük problemimiz psixologiya ilə bağlıdır.
Futbolçularım haqda mənfi fikirlər səsləndirmək istəmirəm. Ustalıq səviyyəsi çatışmır. Bunu psixologiyanın da üstünə atmaq olar. Amma iki metrdən qol vura bilmiriksə, bunun psixoloji durumla əlaqəsi yoxdur. Birdən-birə nəyisə dəyişmək olmur. Səkkiz xal toplamışıq. Əvvəldən xalımız çox olsaydı, indi daha rahat idik. Reallıqla barışıb, mübarizə aparacağıq. Hər şeyin altında faktlar dayanır. Fakt da odur ki, uduzmuşuq”.