
"Sumqayıt"ı Premyer Liqada saxlamasına rəğmən, baş məşqçi postundan göndərilən Vaqif Cavadov "Gənclik şəhəri" təmsilçisinin akademiyasında fəaliyyətini davam etdirir. Bununla belə, gənc mütəxəssis böyük futbolda çalışmaq niyyətini gizlətmir. Onun adı hazırda baş məşqçi axtarışında olan "Kəpəz"lə hallandırılır.
Bu barədə Fanat.Az-a açıqlama verən Cavadov xəbərin doğru olub-olmamasına belə aydınlıq gətirib:
"Hələlik təklif yoxdur. Təbii ki, təkliflərə açığam. "Kəpəz" variantı da həqiqəti əks etdirmir. Yəni oradan mənimlə əlaqə saxlayan olmayıb.
Əslində, "Sumqayıt"da çalışmağa davam edirəm. Klubdan təklif oldu ki, qalım, mən də razılıq verdim. An etibarilə tələsmirəm. İndi bütün diqqətimi oxumağa və PRO kateqoriyasını əldə etməyə yönəltmişəm. Bundan sonra səbrlə gözləyəcəyəm. Təbii ki, məşqçi karyeramı böyük futbolda davam etdirmək istəyirəm".
Qeyd edək ki, Cavadov "Sumqayıt"ın əsas komandasına ilk dövrədən sonra baş məşqçi təyin olunmuşdu. "Kimyaçılar" onun rəhbərliyi altında keçirdiyi 27 Premyer Liqa matçında 7 qələbə qazanıb 5 heç-heçə edib, 15 görüşdə məğlub olub.
Mirağa