
2-ci Liqa təmsilçisi "Şəki Siti"dəki maliyyə probleminin həllini tapması ilə bağlı ümid işığı olsa da, bu saatadək mövcud vəziyyət dəyişməyib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, komanda bu gün də məşq etməyəcək.
Düzdür, dekabrın 2-də axşam saatlarında klubun titul sponsoru "Flybast"ın ofisində sözügedən şirkətin direktoru Rövşən Abdullayev komanda üzvlərinə yeni vədlər verib, ertəsi isə özü Peşəkar Futbol Liqasının rəhbərliyi ilə görüşüb. Amma "Flybast" bu saatadək 3 aya yaxındır ki, maaş almayan texniki heyətə olan borcunu ödəməyib.
Futbolçuların və məşqçi heyətinin qərarı isə qətidir. Baş məşqçi Elvin Həsənov artıq oyunçuları dilə tutmaq, xahiş-minnətlə məşqə çıxartmaq niyyətində deyil. Başqa sözlə, borclar tam ödənməmiş komanda bir araya gəlməyəcək.
Nihat