Bu gün UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan millisi səfərdə Qazaxıstan yığması ilə ilk oyununa çıxıb. Oyun rəqibin 2:0 hesablı qələbəsi ilə sona çatıb.
Fanat.Az xəbər verir ki, oyundan sonra millimizin italiyalı baş məşqçisi Canni De Byazi mətbuat önünə çıxıb.
65 yaşlı mütəxəssis komandamızın məğlubiyyətini belə şərh edib:
“Məğlub olanda səhv məşqçinin olur. Bu adətən belə olur. Bu gün ilk əsas heyətin futbolçuları oyuna çox yaxşı başladı. Təəssüf ki, hücumları məhsuldar sonluqla yekunlaşdırmağı bacarmadıq. İmkanlarından yararlana bilmirsənsə, bu, sonradan sənə problem yaşadır. Qələbə qazanmaq istəyirsənsə, ələ düşən imkanları dəyərləndirməlisən. Həmçinin şans amili də öz rolunu oynadı. Heç nədən kuryoz qol buraxdıq və bu, futbolçularımızı əsəbləşdirdi. Çox keçmədən də ikinci topu buraxdıq”.
De Byazi iyunun 6-da Belarusla keçiriləcək matçda heyətdə rotasiya edib-etməyəcəyi ilə bağlı sualı isə belə cavablandırıb: “İndidən nəsə deyə bilmərəm. 5 saat yarım uçmalıyıq. Sabah səhər oyanandan sonra heyətdə rotasiya edib-etməyəcəyimizə baxacağıq”