Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının qalibi olub.
Fanat.Az xəbər verir ki, təcrübəli blokçumuzun komandası "Vaşaş" finalda "Bekeşçaba" klubu ilə üz-üzə gəlib.
İlk iki oyunda 3:1 və 3:0 hesabları ilə qələbə qazanan kapitanımızın komandası son matçı 3:0 (25:11, 25:17, 25:13) hesabı ilə öz xeyrinə başa vurub.
Beləliklə, finalın hər üç matçında qələbə qazanan "Vaşaş" klubu Macarıstan çempionu olub və ötən ilki titulunu qoruyub. Bu oyunda millimizin və "Vaşaş"ın kapitanı 18 dəfə fərqlənib. Ayşən bu xallardan 10-u hücumda, 8-i isə blokda qazanıb. Kapitanımızın blokdakı göstəricisi qarşılaşmanın ən yaxşı nəticəsi olub.
Qeyd edək ki, bu il Ayşənin çıxış etdiyi “Vaşaş” həm də Macarıstan kubokunu qazanıb.