İdman Arbitraj Məhkəməsi (CAS) tanınmış böyük britaniyalı atlet Məhəmməd Farahın keçmiş məşqçisi Alberto Salazarın 4 illik idmandan uzaqlaşdırılması ilə bağlı qərarı qüvvədə saxlayıb.
Fanat.Az xəbər verir ki, qurumun yaydığı açıqlamada ABŞ Antidopinq Agentliyi (USADA) tərəfindən dopinq proqramının tətbiqi, idmançıları yasaqlanmış maddə qəbuluna təşviqetmə ittihamı ilə 2019-cu ildə barəsində dörd illik diskvalifikasiya qərarı çıxarılan Salazar və onunla birgə çalışan həkim Ceffri Braunun şikayətinin təmin olunmadığı bildirilib.
63 yaşlı amerikalı məşqçi Böyük Britaniya tarixinin bir nömrəli atleti sayılan Farahı karyerasının ən parlaq dövrü olan 2011-2017-ci illər arasında çalışdırıb. İdmançı bu arada 5000 və 10 000 metr məsafəyə qaçışda 4 Olimpiya, 6 dünya və 3 Avropa çempionluğu qazanıb.
Qeyd edək ki, Farah o dönəmdə dopinqdən istifadə etməsi ilə bağlı iddiaları təkzib edərək, "Bütün ittihamlar Salazarla bağlıdır, içində mənim adım keçmir" deyə açıqlama vermişdi.
Sahib Əsədbəyli